Əsas Səhifə > ELM VƏ TƏHSİL > Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirilib
Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirilib10-02-2019, 18:24 |
Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirib. Şəffaflıq.az xəbər verir ki,Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Belə ki, abituriyentlər imtahana qeydiyyatdan keçən zaman onların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiqində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Fevralın 11-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, bundan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mütəmadi onlayn sınaq imtahanları keçiriləcək. Onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. Ümumilikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq. Onlayn sınaq imtahanlarına yazılış yaxın günlərdə mümkün olacaq və əvvəlcədən elan edilmiş tarixlərdə aparılacaq. İmtahanlar da müəyyən edilmiş tarix və saatlarda keçiriləcək. Geri qayıt |