Əsas Səhifə > Gündəm > Komada olan jurnalistin xanımı prezidentə müraciət etdi

Komada olan jurnalistin xanımı prezidentə müraciət etdi


9-02-2019, 12:22

 Tanınmış jurnalist Natiq Qocaman bir həftədir ki, komadadır. Natiq Qocaman 4 gün əvvəl Mərkəzi Klinik Xəstəxanada beyin əməliyyatı olunub, lakin hələ də komadan ayılmayıb.
Şəffaflıq.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Könül Aypara bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarına!
Hörmətli Prezident, ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan möhkəm və güclü dövlətçilik kursunu davam etdirərək Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirdiyiniz hamıya məlumdur. Ulu Öndər Heydər Əliyev kursunu davam etdirməyinizdən məmnunuq və daima dəstəkləyirik!
Həmçinin, Sizin jurnalistlərə olan qayğınızın da şahidi olmuşuq. Ümumiyyətlə, ictimai-siyasi həyatda aktual məsələlərlə bağlı hansı mütərəqqi layihələr Sizə təqdim olunursa, dərhal ona müsbət reaksiya vermisiniz. İstər xəstə jurnalistlərə, istərsə də sənət adamlarına dövlət, o cümlədən Heydər Əliyev Fondu tərəfindən yardım göstərilib.
Bu gün Sizə müraciət etməyimə səbəb 8 gündür insult diaqnozu ilə komaya düşən həyat yoldaşım - 20 ildən artıqdır ki, mediada fəaliyyət göstərən jurnalist, “Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, “Mediapress.az” Xəbər Agentliyinin Baş redaktoru, “Tərəqqi” medalı ilə təltif edilən, iki azyaşlı uşağın atası Natiq Qocamanın səhhətınin ağır olmasıdır.
Hörmətli Prezident, Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğu deyirlər. Buna isə bizim maddi imkanımız yoxdur.
Cənab Prezident, Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, Siz həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq onun müalicəsi üçün lazım gələn bütün köməklikləri göstərəcəksiniz. Öncədən təşəkkürümü bildirirəm”.
Geri qayıt