Əsas Səhifə > Dünya > ABŞ-la Avropa arasında rəqəmsal vergi böhranı dərinləşir – Vaşinqtondan Parisə hədə
ABŞ-la Avropa arasında rəqəmsal vergi böhranı dərinləşir – Vaşinqtondan Parisə hədə18-06-2020, 19:41 |
ABŞ-la Avropa ölkələri arasında texnologiya şirkətləri üçün qlobal rəqəmsal verginin tətbiqinə dair fikir ayrılığı getdikcə dərinləşir. ABŞ tərəflər arasında aparılan danışıqlardan çıxdığını elan edib. Eyni zamanda Avropadakı tərəfdaşlarına xəbərdarlıq edib ki, onlar özləri vergi tətbiq etməyə başlasalar, ABŞ cavab tədbirlərinə əl atacaq. “Financial Times”ın yazdığına görə, bu xəbərdarlıq ABŞ maliyyə naziri Stiven Mnuçinin Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadakı həmkarlarına ünvanlanan məktubundə əksini tapıb. Nazir bildirib ki, məsələ ilə bağlı danışıqlar dalana dirənib. ABŞ hətta ölkəyə məxsus aparıcı rəqəmsal şirkətləri əhatə edəcək qlobal rəqəmsal vergi qanunvericiliyi layihəsində müvəqqəti xarakterli dəyişikliklərlə bağlı belə razılaşma əldə edə bilməyib: “Belə çətin danışıqların sürətləndirilməsi cəhdləri bizi daha vacib məsələlərin müzakirəsindən yayındırır. Hazırda bütün dünyada hökumətlər diqqətlərini koronavirus pandemiyasının yaratdığı iqtisadi problemləri həll etməyə cəmləməlidilər”. S.Mnuçin məktubunda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində aparılan danışıqların dayandırılmasına çağırıb: “ABŞ əvvəlki kimi, rəqəmsal xidmətlərin vergiyə cəlb olunmasına və birtərəfli tədbirlərə qarşıdır. Dəfələrlə qeyd etdiyimiz kimi, əgər ölkələr belə vergi tətbiq edəcəklərsə, ABŞ cavab tədbirləri görəcək”. Nazir danışıqların yenidən bərpasının ilin sonunda mümkün olduğunu açıqlayıb. Avropa ölkələrinin tezliklə ABŞ maliyyə nazirinə cavab göndərəcəkləri gözlənilir. Qeyd edək ki, ABŞ-ın “Facebook”, “Google” kimi texnoloji nəhəngləri Avropadakı gəlirlərinə görə cüzi həcmdə vergi ödəyirlər. Buna görə də son illərdə Fransa başda olmaqla, Avropa ölkələri belə şirkətlərin vergi yükünü artırmaq istiqamətində addımlar atırlar. Bu ildən etibarən Fransa öz ərazisində gəlir əldə edən texnologiya şirkətlərini(dünyada gəliri 750 milyon avrodan yuxarı olanları) 3 faiz vergiyə cəlb edib. Söhbət əsasən ABŞ şirkətlərindən ibarət olan 30 şirkətdən gedir. Onun ardınca İtaliya da eyni həcmdə vergi tətbiq edib. Bundan əlavə, Böyük Britaniya, İspaniya, Belçika, Türkiyə də analoji addımlar atmağa hazırlaşırlar. Avropa ölkələrinin bu addımları ABŞ tərəfindən sərt qarşılanmaqdadır. Ölkə artıq Fransadan idxal olunan mallara 2,4 milyard dollarlıq vergi tətbiq edəcəyini açıqlayıb. Fransa isə İƏİT çərçivəsində vahid verginin tətbiq olunması məqsədilə danışıqların başladılmasına nail olub. Lakin göründüyü kimi, tərəflər arasında hər hansı razılaşma əldə olunmamaqda davam edir. Şəffaflıq.az Geri qayıt |