Əsas Səhifə > Gündəm / SOSİAL MÜDAFİƏ > Vahid Əhmədov: "bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz"

Vahid Əhmədov: "bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz"


7-02-2019, 00:24

 Azərbaycanda qiymətlərin bahalaşması ölkədə məhsul defisiti və ya idxalla bağlı deyil, millət vəkili Vahid Əhmədov deyir.
O, BBC News Azərbaycancaya ərzaq məhsullarının qiymətinin bahalaşmasının subyektiv səbəblərinin olduğunu bildirib.
BBC News Azərbaycancaya danışan alıcılar məhsulların qiymətində "azı 5 qəpik" artımın olduğunu bildirirlər.
Təhlilçilər süd, yulaf, lavaş, qiymət artımını məhsuldarlığın aşağı olması və idxalla əlaqələndirir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Hansı məhsullarda bahalanma var?
BBC News Azərbaycancanın danışdığı alıcılardan biri ərzağın qiymətində "azı 5 qəpik" fərq olduğunu bildirir.
"Son zamanlar qiymətlərdə təxminən, 10-20 qəpik artım var. Baxır məhsula. Bax, indicə nəvəm üçün kaşa aldım, 10 qəpik bahalaşıb. Üç manat pensiya artırıblar, əvəzini çıxmalıdırlar axı".
"Milla yerli məhsuldur. Ancaq indi bahalaşıb. Qiyməti təxminən 55 qəpik artıb. İki-üç ədəd alanda, əməlli-başlı fərq edir", alıcılardan biri şikayətlənir.
Alıcı qadınlardan biri deyir ki, əvvəllər 39 qəpiyə aldığı lavaş indi 50 qəpiyədir.
"Dollar qalxmayıb, devalvasiya yox, işığın qiyməti də artmayıb mən bilən, birdən-birə lavaşın qiyməti niyə 25 faiz qalxsın ki?! Unla sudur da qarışdırıb, bişirirlər".
Makaronların bəzilərinin qiyməti də 3-5 qəpik artıb.
"Bəzi məhsulların qiymətində fərq var. Ancaq bu, mənim üçün elə ciddi rəqəm deyil deyə, fərq etmir", alıcılardan biri deyir.
Digər alıcı isə deyir ki, bahalaşma təkcə ərzaq qiymətlərində deyil.
"Hər şeyin qiyməti qalxıb. Mağazalarda qiymətlər son 2-3 ayda yavaş-yavaş qalxır. Maraqlıdır ki, niyə bu qədər oynayır qiymətlər?" alıcı sual edir.
Digər bir müştəri isə "bahalaşmanı çay və qəndin qiymətlərində hiss etdiyini" deyir.
Daha bir alıcı isə ayrı-ayrı marketlərdə eyni məhsula müxtəlif qiymətlərin qoyulmasının insanları çaşdırmasından şikayətçidir.
"Ancaq müxtəlif marketlərdə müxtəlif qiymətə alış-veriş etsən belə, standart ərzaqları alanda hiss edirsən ki, əvvəlkindən daha çox pul gedir", müsahibimiz əlavə edir.
BBC News Azərbaycancanın müxbiri qiymət artımını araşdırarkən, həm də Bakıdakı üç böyük marketdə bəzi məhsulların qiymətlərini müqayisə edib.Qiymətlərə gəlincə, eyni adlı bəzi məhsulların müxtəlif marketlərdəki fərqi təxminən belədir:
MəhsullarQiymətlər (Fərqlə. AZN)
Tulçinka yağı (72,5%)4,59 - 4,69
10 ədəd ağ yumurta1,70 - 1,79
Çay 450 qramlıq9,05 - 9,08
Kartof0,60-0,69-0,75
Soğan0,69
Fairy 1 litr3,52-3.65-3,77
Dex sabunu1,19 - 1,30
Arielyuyucu tozu1,5 kq6,85-5,49
 

Üç aylıq alış-veriş qəbzləri

BBC News Azərbaycancanın müxbiri Bakının ən ucuz kimi təqdim olunan böyük marketlər şəbəkəsindən birində öz alış-veriş çekləri ilə dekabr-fevral ayları arasında bəzi məhsulların qiymətlərinin necə dəyişdiyini göstərir. Monitorinqin nəticələrinə görə, qiyməti artan yerli məhsullar arasındaDelicate buğda ununun 1 kiloqramı 0,85 qəpikdən 1,05 manat olub.
Delicate mərcinin 800 qramı 1,84 manatdan 2,19 manata qalxıb.
Camış qatığı 0,25 qəpik, soğan 0,41 qəpik, pomidor 2,50 manat, "Milla" südünün bir litri isə 40 qəpik bahalaşıb.
Ərzaq, xüsusilə ağartı məhsullarının qiymətinin 15-20, bəzi hallarda 40 qəpiyə qədər bahalaşması ilə bağlı müzakirələr sosial şəbəkələrdə hələ də davam edir.
"Təklif tələbi ödəyə biləcək qədər deyil deyə defisit yaranır"
Kənd təsərrüfatı məsələləri üzrə təhlilçi Vahid Məhərrəmli qiymət artımını məhsuldarlığın aşağı olması və idxalla əlaqələndirir.
O bildirir ki, Azərbaycana "idxal olunan məhsul əhalinin 60 faiz ehtiyacını təmin edir, bu isə yetərli deyil".
"Azərbaycan hökuməti iddia edir ki, əhalinin qidalanmasını təmin edə bilir. Lakin görünən odur ki, təklif tələbi ödəyə biləcək qədər deyil deyə defisit yaranır. Bu zaman da işbazlar yaranan vəziyyətdən istifadə edib, qiyməti artırmağa çalışırlar", təhlilçi vurğulayır.
Cənab Məhərrəmov bildirir ki, dünyanın "heç bir yerində süd Azərbaycanda olduğu qədər baha" deyil.
Lakin Vahid Məhərrəmov hesab edir ki, bu məsələdə Azərbaycanda bir çox məhsulların məhsuldarlığının aşağı olmasını nəzərə almaq vacibdir.
"Bizdə məhsuldarlıq aşağı olduğu üçün məhsul baha başa gəlir. Məhsulun istehsalı az, xərci isə çoxdur. Elə bu da Azərbaycanda istehsal olunan məhsulun istehlakçıya baha satılmasına, qiymətlərdə isə mütəmadi artımın baş verməsinə gətirib çıxarır".

"Kolxoz bazarı zad deyil ki, kim nə istəsə onu da etsin"

"Xaricdən məhsul idxal edilərsə, ya da valyutanın məzənnəsi dəyişirsə o zaman qiymət qalxa bilər. Azərbaycanda isə belədir ki, möhtəkirlər vəziyyətdən istifadə edib, bayramqabağı qiymətləri qaldırırlar", millət vəkili Vahid Əhmədov deyir.
Analoji hadisənin hər il təkrarlandığını xatırladan deputat qiymətlərin hər dəfə qalxıb, sonra düşməməsinə təəssüflənir.
Cənab Əhmədov budəfəki qiymət bahalaşmasını Türkiyədə, İranda baş verən hadisələrlə əlaqəli ola biləcəyini ehtimal etsə də bildirir ki, Azərbaycanda qiymətlərin qalxmasının "heç bir obyektiv əsası yoxdur".
"Ölkədə kifayət qədər ərzaq məhsulları istehsal olunur. Lakin dövlət özünü azı 80 faiz yerli istehsalla təmin etməlidir ki, təhlükəsiz dövlət hesab olunsun. Azərbaycan hələlik o səviyyəyə çatmır, lakin müəyyən ərzaq məhsullarının idxalı bahalaşmaya səbəb ola bilməz. Ölkədə yerli məhsul istehsal olunur, sadəcə sahibkarlar vəziyyətdən sui-istifadə edirlər", deputat deyir.
"Kolxoz bazarı zad deyil ki, kim nə istəsə onu da etsin", - deyən deputat əlavə edir ki, - "dovlət qurumları lazım olanda nəzarəti həyata keçirirlər".
"Biz buraxa bilmərik kim nə istəyir, onu etsin. Cavabdeh qurumlar qiymət siyasəti ilə məşğul olmalıdırlar".
Ağartı məhsullarına gəlincə, cənab Əhmədov bu məhsulların Azərbaycanda qiymətinin baha olması faktı ilə razıdır.
"Biz ağartı məhsullarını ixrac da edirik. Kimsə ölkədə məhsul çatışmazlığı var, qiymətlər ona görə bahadır deyirsə, mən bununla razılaşa bilmərəm. Sadəcə sahibkarlar anlamırlar ki, bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz", millət vəkili deyir.

Süd məhsulları ilə bağlı rəqəmlər necədir?

Azərbaycanda 2014-cü ildə təsdiqlənmiş minimum istehlak səbətinə görə, hər bir şəxsin süd və ya süd məhsulları üzrə illik istehlak norması 232 litrdir.
Statistika komitəsinin saytında son məlumat 2017-ci ilə aiddir. Orada göstərilir ki, həmin ildə Azərbaycan hökuməti 2,5 milyon tona yaxın süd və süd məhsulları tədarük edib. Bunun da təxminən 400 min tonu idxalın payına düşüb.
Həmin ildə Azərbaycan əhalisinin sayı isə 9 milyon 854 min nəfər olub.
Statistik məlumatlarda o da göstərilir ki, Azərbaycan hökuməti 2017-ci ildə heyvandarlıq məhsulları - süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi təxminən, 86 faiz olub.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən və İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.
Geri qayıt