Əsas Səhifə > Gündəm > "ARTIQ HƏQİQƏTƏN DÖZMÜRƏM..." - TƏBİB-in mətbuat katibindən əsəbi açıqlama

"ARTIQ HƏQİQƏTƏN DÖZMÜRƏM..." - TƏBİB-in mətbuat katibindən əsəbi açıqlama


15-06-2020, 20:56

 

"Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki..." 

Şəffaflıq.az Azpolitika.info-ya istinadən bildirir ki, bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə koronavirusla bağlı ölkədə vəziyyətin gərgin olduğunu göstərən paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Bu barədə ilk dəfədir post yazıram. Və bunu işlədiyim müəssisədə hansısa vəzifə sahibi kimi yox, dövlət adından yox, sadə vətəndaş kimi yazıram.

Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı... Bu nə eqoistlikdir axı?

O gün birində pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb, demişik, gözləyin nəticəni. 5-ci gün zəng vurmuşam ki, oğlun pozitivdir, deyir ki, heç nəyi yoxdur e onun, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Niyə camaatın uşağına keçirməlidir axı xəstəliyi? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir?

İndicə bir kanaldan zəng ediblər. Bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var özünə sistem qoşur müalicə edir evdə, amma ağırlaşıb, xahiş edirəm, kömək edin. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur.

Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Heç bir qabaqcıl ölkələrin belə səhiyyəsi bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər idi hələ, xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, kimlərsə deyəcək ki, bu qədər postlar var sosial şəbəkələrdə, gecikirsiniz aparmağa. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk.

"İnanmıram" deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə... Lap yaxınlarımdan da bunu yazanlar var.. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... 

Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur.

Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz.

Yenə deyirəm, bu rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər razıyam, təki əzizlərimə bir zərər dəymədən qurtulaq bu bəladan. Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər "koronavirus xəstəsi" tapılanda. Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə!"

Geri qayıt