Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Bəzi müəssisələrdə kəllə qəndin ağardılması üçün zərərli maddələrdən istifadə edilir” - Mütəxəssis rəyi
“Bəzi müəssisələrdə kəllə qəndin ağardılması üçün zərərli maddələrdən istifadə edilir” - Mütəxəssis rəyi14-06-2020, 18:17 |
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bazarda istehlakçılara sağlamlıq üçün zərərli olan saxta kəllə qənd məhsulunun təqdim edildiyi barədə məlumat yayıb.Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən bildirir ki, mütəxəssis bir neçə ay qabaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilmiş tərkibində zərərli maddələrin yer aldığı məhsulların yenidən satışa çıxarıldığını bildirib. Mütəxəssis bəzi müəssisələrdə kəllə qənd hazırlanan zaman, texnoloji proses bilərəkdən pozulduğunu, qəndin ağardılması üçün tekstildə, kağız sənayesində, dəri aşılanmasında istifadə olunan, insan sağlamlığı üçün təhlükə törədən 5-ə qədər kimyəvi maddədən və o cümlədən natrium dionitdən, tetrodekonol kimi kimyəvi maddələrdən istifadə olunduğunu söyləyib. O, istehlakçının saxta məhsulu müəyyən etməsinin qeyri-mümkün olduğunu bildirib və kimyəvi üsulla ağardılan qəndlər həddindən artıq ağ olduğunu qeyd edib. Bir neçə kəllə qənd istehsalı müəssisəsi ilə əlaqə yaradaraq, kəllə qəndin ağardılması üçün istifadə etdikləri üsullar barədə məlumat almağa çalışsaq da, cavab almaq mümkün olmadı. Kəllə qəndin təbii yolla ağardılması prosesi barədə ətraflı məlumatın alınması üçün Azərbaycanın ən böyük şəkər istehsalçısı olan “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov məsələ ilə bağlı tərəfimizdən göndərilmiş sorğuya cavab olaraq bunları bildirib: “Təəssüf ki, bazarda həqiqətən də insan sağlamlığı üçün zərərli olan kəllə qənd məhsulları mövcuddur. Bəzi sahibkarlar daha az xərc çəkərək daha çox gəlir əldə etmək üçün qəndin ağardılmasını zəruri avadanlıqlardan istifadə etmədən kimyəvi maddələr hesabına həyata keçirirlər. Bildiyiniz kimi, istehlakçılara təqdim edilən “Final”, “Azərşəkər”, “Evim” markaları “Azərsun Holdinq”ə məxsusdur. Bu markalar Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Kəllə Qənd Zavodunda istehsal edilir. Məhsullarımızın ağardılması tam təbii yolla həyata keçirilir. Bunun üçün avtomatlaşdırılmış sentrifuqa avadanlığından istifadə edilir. Şəkər sentrifuqada qəlibin formasını alaraq ilkin qurutma prosesindən keçir və daxilindəki şərbət şəkərdən ayrılır. Daha sonra kəllə qənd məhsulu tam qurudulması və sərtləşməsi üçün qurutma tunelinə, oradan da doğranmaya və son mərhələ olan qablaşdırmaya yönləndirilir. Bütün proses avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən həyata keçirilir. Bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi Kəllə Qənd Zavodunda da keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Məhz bu səbəbdəndir ki, kəllə qənd məhsulumuzun ABŞ, Kanada, Almaniya, MDB ölkələrinə ixracı təmin edilir. Bildiyiniz kimi bu ölkələrə ixracat üçün məhsul ən yüksək keyfiyyət göstəricilərinə sahib olmalıdır. Bizim məhsullar da bu tələblərə cavab verir”. R.Məmmədovun sözlərinə görə, bir müddət öncə İmişli Kəllə Qənd Zavoduna media tur təşkil edilərək media nümayəndələrin müəssisədəki istehsal prosesi ilə əyani şəkildə tanış olmaları təmin edilmişdi. Jurnalistlər burada dünyanın aparıcı şirkətlərinin mütərəqqi avadanlıqlarının, texnoloji qurğuların tətbiqi ilə beynəlxalq standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən kəllə qənd istehsal edildiyinə şahid olmuşdu. Media mənsublarını maraqlandıran suallar cavablandırılaraq burada bütün istehsal prosesi qapalı mühitdə, xam məhsulun qəbulundan son məhsulun qablaşdırılmasınadək məhsula heç bir əl təsiri olmadan, tam avtomatlaşdırılmış avadanlıqlar hesabına aparıldığı nümayiş etdirilmişdi. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə birgə ötən ilin sonlarında kəllə qənd istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində reydlər keçirib və qanun pozuntularına görə cinayət işi açılıb. Geri qayıt |