Əsas Səhifə > Dünya > ÇİN ÜST-ü DƏ ALDADIB - “Vacib məlumatların verilməsini təxirə salıb”
ÇİN ÜST-ü DƏ ALDADIB - “Vacib məlumatların verilməsini təxirə salıb”9-06-2020, 20:56 |
Məlum olduğu kimi, koronavirus epidemiyası başlanan ilk vaxtlardan etibarən, ABŞ başda olmaqla, bir çox ölkələr Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) və Çini bu virus barədə vaxtında məlumat verməməkdə günahlandırıb. Hətta ÜST-ün fəaliyyətindən olduqca narazı qalan ABŞ, bu təşkilatı maliyyələşdirməkdən imtina edib. İndi isə məlum olur ki, hər zaman Çini müdafiə etməyə çalışan ÜST bu ölkənin virusla bağlı təşkilata vaxtında məlumat vermədiyini etiraf etməyə başlayır. Şəffaflıq.az xəbər verir ki, “Sky News”-da Tom Çeşir (Tom Cheshire) imzası ilə yayılan məlumatda ÜST-lə Çinin əlaqələrinə toxunulur və hadisələrin xronologiyasına diqqət yetirilir. Müəllif ÜST-dəki mənbələrə istinadla bildirir ki, Çin bu təşkilatı və dünya ölkələrini virusla bağlı vaxtında məlumatlandırmayıb: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmilərinin Çini şəffaflıq məsələsində müdafiə etməsinə baxmayaraq, əslində bu ölkə təşkilatda məyusluq yaradıb. ÜST-dən “Associated Press”-ə sızan xəbərə görə, qurumun toplantılarının birində qeyd edilib ki, Çin, koronavirusun yayıldığı ilk gündən xəstəliklə bağlı məlumatların yayılmasını təxirə salıb. Koronavirus yayılandan sonra 11 yanvar tarixindən etibarən üç fərqli dövlət laboratoriyasının xəstəliyin genetik kodunun ardıcıllığını müəyyənləşdirməsinə baxmayaraq, onlar bir həftə gözləməli olublar. ÜST-dəki mənbə deyib ki, Çin ictimai səhiyyə sistemindəki məlumatlara sərt nəzarət etdiyi üçün günahkardır. Bundan sonra iki həftə ərzində Çin, ÜST-ə xəstələr və yoluxma halları haqqında daha ətraflı məlumat verməyi təxirə salıb və bununla da təşkilatın virusun dünyada insanlar arasında yayılmasının hansı risklər yaratdığına dair qiymətləndirmə aparmasını çətinləşdirib. ÜST səlahiyyətlilərindən biri şikayət edərək deyib ki, çox az məlumat əldə edə bilirlər və bu da düzgün planlaşdırma aparmaq üçün kifayət etmir. Mayın 15-də keçirilən brifinqdə Çinin Milli Səhiyyə Komissiyasının Beynəlxalq şöbəsinin rəsmisi Lyu Minqju deyib ki, xəstəlik yayılan gündən epidemiya haqqında məlumatı ÜST və beynəlxalq ictimaiyyət ilə açıq, şəffaf və məsuliyyətli şəkildə bölüşürlər. ÜST-ün açıqlamasında isə deyilir ki, rəhbərlik və işçi qrupu təşkilatın qaydalarına uyğun olaraq, bütün üzv dövlətlərlə məlumatları bərabər şəkildə bölüşmək və bütün səviyyələrdə hökumətlərlə açıq söhbətlərdə iştirak etmək üçün çalışır:“Beynəlxalq hüquq ölkələrdən ictimai sağlamlığa təsir göstərə biləcək məlumatların verilməsini tələb edir, lakin ÜST-ün icra səlahiyyətləri yoxdur”. ÜST-ün fövqəladə hallar üzrə baş direktoru doktor Maykl Ryan hələ yanvar ayının ikinci həftəsində verdiyi açıqlamada virusla bağlı məlumatların vacib olduğunu bildirib. Uhan Virusologiya İnstitutu isə virusun genetikasını kodlaşdırmaqla bağlı ilk cəhdlərindən qısa müddət sonra, yanvarın 2-də mübarizəyə başlayıb. Yanvarın 3-də Çin Milli Səhiyyə Komissiyası virusu araşdıran laboratoriyalara gizli bildiriş göndərib. Bildirişdə laboratoriyaların, hökumətin razılığı olmadan virus məlumatlarını yayımlaması qadağan edilib. Lakin “Associated Press”-in məlumatına görə, həmin vaxt Şanxay Dövlət Klinik Tibb Mərkəzi, Milli Səhiyyə Komissiyasına istinadla məlumat yayıb ki, bu xəstəlik hava, tənəffüs yolları ilə yoluxur və ona görə də ictimai yerlərdə profilaktik tədbirlər görmək tövsiyə edilir. Ancaq 11 yanvar tarixində Şanxay laboratoriyası Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) vəzifəli şəxsləri tərəfindən müvəqqəti bağlandı. Nəhayət, yanvarın 20-də Çin hökuməti virusun insandan-insana davamlı ötürülməsini təsdiqlədi və Çin Xalq Respublikasının sədri Si Tzinpin “epidemiya məlumatlarının vaxtında yayımlanması və beynəlxalq əməkdaşlığın dərinləşməsinə” dair çağırış etdi”. Geri qayıt |