Əsas Səhifə > Kriminal > “Lady Sharm” şirkəti ilə bağlı cinayət işi başlanılıb
“Lady Sharm” şirkəti ilə bağlı cinayət işi başlanılıb4-02-2019, 17:35 |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkarlanması istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər. DİN-in mətbuat xidmətinin məlumatına əsasən Şəffaflıq.az bildiriblər ki, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxtda və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldadılması halları aşkarlanıb. Nəticədə həmin şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, şirkətin baş mühasibi Ziyarət Abbasov, məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa cəlb ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Christian Dior”, “Itterre” və digər məşhur brendlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz-dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkarlanıb. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıq götürülüb və dövriyyədən çıxarılıb. Araşdırmalarla, həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in Italy” nişanlarının tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara mühasibatlığ”ın aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” şirkətinin bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub. Faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Şəffaflıq.az Geri qayıt |