Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > AMEA-da işə davamiyyət tam bərpa olunub

AMEA-da işə davamiyyət tam bərpa olunub


3-06-2020, 07:05

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev AMEA-da işə davamiyyətin tam bərpa olunması haqqında sərəncam imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, sərəncama əsasən AMEA Rəyasət Heyəti aparatında və AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının iş rejimi və işçilərin işə davamiyyəti 2020-ci il 31 may tarixindən tam bərpa olunub.

Həmçinin sərəncamla yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı qoruyucu tədbirlərin davam etdirilməsi və işçi heyətin sağlamlığının qorunması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin və AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə aşağıdakılar tapşırılıb:

- “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarının 1-ci hissəsinin 1.3, 1.5, və 1.6-cı bəndlərinin aidiyyəti üzrə icrasını təmin etməlidirlər.

- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki vəsait”ə uyğun olaraq profilaktik tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Qeyd edək ki, mayın 31-dən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb.
Eyni zamanda, fəaliyyətinə məhdudiyyət tətbiq edilmiş Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarının (qurumlarının) işçilərinin tam fəaliyyəti 2020-ci il 31 may saat 00:00-dan bərpa olunub.

AMEA Rəyasət Heyəti aparatının Maliyyə şöbəsinə (İlqar Quliyev), İşlər idarəsinə (Elton Məmmədov), Kadrlar və hüquqi təminat şöbəsinə (Elmira Əliyeva), Sənədlərlə iş şöbəsinə (Sevinc Həsənova), AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu sərəncamın icrasından irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.

Geri qayıt