Əsas Səhifə > Dünya > Koronavirus kabusundan çıxan və yoluxmanın artdığı ölkələr - yeni siyahı

Koronavirus kabusundan çıxan və yoluxmanın artdığı ölkələr - yeni siyahı


29-05-2020, 06:37

 

Hələ də vaksini tapılmayan koronavirus (Covid-19) dünyada can almaqda davam edir. Bəzi ölkələrdə bu virusa yoluxmanın ikinci dalğası yaşanır. Eyni zamanda bir sıra ölkələr də var ki, həmin ölkələrdə koronavirusa yoluxma halları azalıb. Bu baxımdan koronavirusa yoluxma sayını göstərən cədvəllərdə ölkələr sıralarını tez-tez yer dəyişirlər. 

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, dünən gecə saatlarına olan məlumata görə, koronavirusa dünyada yoluxanların ümumi sayı 5 milyon 863 min 395 nəfərdir. Ölənlərin ümumi sayı isə 360 min 205-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 2 milyon 567 min 216 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 935 min 976 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan da 52 min 872 nəfərin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say əvvəlki günlərlə müqayisədə aşağıdır. Hazırkı saata görə, ABŞ-da indiyədək 1 milyon 760 min 816 nəfər koronavirusa yoluxub. Son saatlarda 15 min 13 yoluxma, 889 ölüm halı qeydə alınıb. Son həftənin statistikasına nəzər salsaq müşahidə edərik ki, ABŞ-da ölüm sayı bir gün artır, bir gün isə azalır. Ümumilikdə isə ötən həftə ilə müqayisədə ABŞ-da ölüm sayında artım tempi nəzərə çarpır.

Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə Brazilya gəlir. Brazilyada ötən günlərdə yüksək templə yoluxma müşahidə edildi. Son iki gündür ki, yoluxmanın tempində azalma var. Belə ki, son saatlarda bu ölkədə 4 min 679 nəfər yoluxub, 248 nəfər isə ölüb.

Dünya üzrə üçüncü yerdə şimal qonşumuz olan Rusiya gəlir. Rusiyada artıq iki həftədir ki, gündəlik yoluxma sayı 8-9 min arasında (bəzən bir qədər yüksək) olur. Son saatlarda da şimal qonşumuzda 8 min 371 nəfər koronavirusa yoluxub, 174 nəfər isə ölüb. Ölüb sayı ötən həftə ilə müqayisədə artıb.

Dördüncü sırada gələn İspaniyada bu gün 1137 nəfər yoluxub, cəmi 1 nəfər ölüb. İspaniyada ötən həftə ilə müqayisədə yoluxma artıb, lakin ölüm sayı göründüyü kimi kəskin azalıb.

Beşinci sırada gələn İngiltərədir. Bu ölkədə son saatlarda 1887 nəfər yoluxub, 377 nəfər isə ölüb. Ötən həftələrlə müqayisədə bu ölkədə də yoluxma sayı azalıb.

Siyahıda 6-cı olan İtaliyada bu gün 593 nəfər yoluxub, 70 nəfər isə ölüb. Ötən günlərlə müqayisədə İtaliyada həm yoluxma, həm də ölüm sayında azalma var.

Növbəti sırada yer alan Fransada son saatlarda 3 min 325 nəfər yoluxub, 66 nəfər isə ölüb. Fransada ötən həftə ilə müqayisədə kəskin artım var. Hətta bu rəqəmlərə istinadən demək olar ki, Fransada ikinci dalğa yaşanır...

Siyahıda 8-ci olan Almaniyada isə bu gün 557 nəfər yoluxub, 37 nəfər isə ölüb. Almaniyada hər gün yoluxan və ölənlərin sayı demək olar ki, eyni olur.

9-cu yerə isə Hindistan yüksəlib. Bildirək ki, bu ölkədə koronavirusa yoluxma halı sürətlə artır. Hindistan Asiya üzrə yoluxanların sayına görə birinci, dünyada isə 9-cu yerdədir. Lakin növbəti gün bu gedişlə Hindistan daha da ön sıralara doğru gələcək və çox güman ki, Almaniyanı yaxın saatlarda geridə qoyacaq. Son saatlarda Hindistanda 7 min 300 nəfər yoluxub, 177 nəfər isə ölüb. Hindistanda yayılan məlumatlara görə, sərt qaydalar tətbiq edilsə də, insanlar karantin qaydalarına əməl etmir, şəxsi gigiyenalarına diqqət ayırmırlar...

Nəhayət, dünya üzrə 10-cu yerdə qardaş Türkiyədir. Türkiyədə son saatlarda 1182 nəfər yoluxub, 30 nəfər isə dünyasını dəyişib. Bu ölkədə artım tempi düz xətt göstərir. Yəni ötən həftələrlə müqayisədə nə kəskin azalma, nə də artım var.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 15 -ci sıraya qədər enib. Bu gün Çində 2 nəfər yoluxub, ölən isə yoxdur. Çində indiyə qədər 82 min 995 nəfər koronavirusa yoluxub. Bu zamana qədər Çində koronavirusdan cəmi 4 min 654 nəfər ölüb.






Geri qayıt