Əsas Səhifə > Gündəm > KİVDF qəzetlərin maliyyələşdirilməsi şərtlərini dəyişdi - YENİ TƏLƏBLƏR

KİVDF qəzetlərin maliyyələşdirilməsi şərtlərini dəyişdi - YENİ TƏLƏBLƏR


1-02-2019, 00:33
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
ŞƏFFAFLIQ.Azxəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
2. Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.
V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.
V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.Hurriyyet.org
Geri qayıt