Əsas Səhifə > Gündəm / Cəmiyyət > "Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk".
"Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk".29-01-2019, 00:55 |
ŞƏFFAFLIQ.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxış edən şəhid anası İbadət Əliyeva deyib. O qeyd edib: "Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri Sizinlə bu mötəbər görüşümüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Sizin rəhbərliyinizlə Ordumuzun Aprel döyüşlərindəki qələbəsi mənə o qədər qürur verib ki, hətta özüm əlimə silah alıb bu döyüşlərə getmək istəyirdim. Hər dəfə Cocuq Mərcanlının inkişafını, qısa müddətdə bu qəsəbənin belə müasir tipli olmağını görəndə mən qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız alınandan sonra bütün bölgələrimiz, bütün şəhərlərimiz bu cür inkişaf edəcək, bu cür çiçəklənəcək. Eyni zamanda, biz şəhid ailələrinə Sizin daim diqqətinizi və qayğınızı görürük. Biz Sizə, birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Şəhid ailələrinə bu diqqət və qayğınıza, bizim sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Sizlərdən çox razıyıq". Şəhid anası bildirib: "Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq. Bilirik ki, müharibə olan dövlətlərdə mütləq şəhidlər də olur. İnanırıq ki, biz öz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Biz bilirik ki, bunun üçün bizim xalqını, Vətənini, torpağını sevən belə bir Prezidentimiz var. Bizim Prezidentə mən “Çox sağ ol!” deyirəm, minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, gördüyünüz işlərdə və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm"Ölkə.Az Geri qayıt |