Əsas Səhifə > Gündəm > Məmurların korrupsiya piramidasını dağıtmaq üçün rotasiya üsulu -rəylər
Məmurların korrupsiya piramidasını dağıtmaq üçün rotasiya üsulu -rəylər13-05-2020, 12:51 |
Əgər məmurların rüşvət piramidasını yox etmək əlahiddə missiyadırsa, bunun üçün idarəetmədə sistemli dəyişikliklər qaçılmazdır. Çünki korrupsiya bataqlığı o yerlərdə salınır ki, eyni vəzifəli şəxs illərlə bir kreslodan yapışaraq əl çəkmir. Bu zaman rüşvət xərçəng kimi yayılır, məmur öz çevrəsini də bu çirkin işlərə yoluxdurur və bir şəbəkəyə çevrilir. Sonra topdağıtmaz hala gələn mənzərəni aradan qaldırmaq üçün radikal addımlar atmaq lazım olur. Çünki azğınlaşmış tamahkar məmurların talançılıq, mənimsəmə, rüşvətxorluq əməllərini zərərsizləşdirmək üçün həbsdən başqa yol qoymurlar. Necə ki, 5 rayonun icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyat bunu sübut etdi. Lakin idarəetmədə rotasiya üsulundan istifadə edilərsə, korrupsiya piramidasını dağıtmaq mümkündür. Həbs edilən icra başçılarının bioqrafiyasına nəzər yetirəndə görmək olar ki, bir rayona 12-15 il rəhbərlik ediblər. Eyni sözləri bəzi nazirliklərlə də bağlı söyləmək olar. Halbuki rotasiya qaydası ilə kadr siyasəti həyata keçirilsə, korrupsiyanın kök salmamasına səbəb olar. Elə Mədəniyyət Nazirliyindəki korrupsiya məhz Əbülfəs Qarayevin 26 ildir eyni postda qalmasının nəticəsidir. O baxımdan müstəqil müşahidəçilər, təhlilçilər ölkədə aparılan kadr dəyişiklikləri siyasətində rotasiya, yəni yerdəyişmə qaydalarından da istifadə olunmasını təklif edirlər. Asim Mollazadə: “Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə isə bildirib ki, rotasiya üsulu dünyada tanınmış praktikadır. Onun fikrincə, Azərbaycan da kadr təyinatında rotasiya qaydasından istifadə etməlidir. Deputat hesab edir ki, peşəkar məmur yetişdirmək üçün onu bir neçə mərhələdən keçirmək lazım gəlir: “Ona görə də idarəetmədə bir neçə variantdan istifadə edə bilərik. Bir məmur onillərlə eyni postda oturanda baxırsan ki, sonra reallığı itirir. Bu mənada rotasiya qaydası effektli üsullardan biridir. Çünki diplomatik korpuslarda da yerdəyişmələrdən istifadə olunur”. Xatırladaq ki, 2019-cu ilin 19 dekabrından əksər icra başçıları təşviş içindədirlər. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin gündən başlayaraq ötən 5 ay ərzində 5 icra başçısını qandallayıb, qalanları panikadadır. Belə ki, Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon rəhbərləri korrupsioner fəaliyyətinə görə iş kabinetində həbs ediliblər. Eyni zamanda Mədəniyyət Nazirliyində vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub. Onlardan biri nazir müavini Rafiq Bayramovdur. Fəzail Ağamalı: “İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir” Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının bildirdiyinə görə, prezident İlham Əliyevin kadr siyasəti yeniləmə üzərində köklənib. O, 2018-ci ildən ən yüksək səviyyəli postlara müsbət reputasiyası, keyfiyyətləri olan kadrların gətirilməyə başlandığını xatırlatdı. Onun fikrincə, yeni təyin olunan həmin vəzifəli şəxslərin cəmiyyətdə imici pozitivdir, rüşvət və korrupsiyada yer almayıblar, idarəçilik təcrübəsi var və prezidentin görmək istədiyi müasir dünyagörüşünə, intellektə malikdirlər. “Bu mənada prezident İlham Əliyev kadr islahatları həyata keçirərkən olduqca düzgün və əsaslı taktikaya əl atdı. Ölkənin idarəçilik sistemində, Nazirlər Kabinetində, hökumətdə, o cümlədən növbədənkənar parlament seçkiləri keçirilməklə Milli Məclisdə yenilənmələr oldu. Bu proses gedir və yeni təyinat alan məmurlar islahatlara uyğun fəaliyyət göstərsələr, xalqa şərəflə xidmət etsələr, sizin qeyd etdiyiniz rotasiya qaydasından da istifadə oluna bilər”. Deputat hesab edir ki, rotasiya qaydası ilə təyinatların olması müxtəlif ölkələrin, eləcə də Azərbaycanın təcrübəsində var: “Amma prezident İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir”. F.Ağamalı 5 icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyatın ardınca korrupsiyaya qarşı mübarizənin davam edəcəyini açıqladı. Deputat sosial şəbəkələrdə müxtəlif şəxslərin oxşar əməliyyatın öz rayonlarında da həyata keçirilməsini arzuladıqlarını yazmalarına münasibət bildirdi: “Gedən proseslərdə sui-istifadə halları ola bilər. Kiminsə kimdənsə xoşu gəlməyə, müxtəlif subyektiv yanaşmalar ola bilər. Eyni zamanda Prezident ictimai rəyi izləyir, qaldırılan məsələlər diqqətə çatdırılır, tədbir görülür. Ona görə də rüşvət və korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsidir və axıra qədər gedəcək. Bu prosesdə hansısa məmura güzəşt olmayacaq. Çünki korrupsiya adi cinayət deyil, dövlətin təhlükəsizliyini təhdid etdiyi üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar aparılır. Və deyərdim ki, bu əməliyyatlar kifayət qədər peşəkar və uğurla reallaşdırılır. DTX dövlətin təhlükəsizliyinə, Prezidentin hədəflərinə mane olan korrupsiyaya qarşı mübarizə aparır. Nə qədər ki, rüşvət var, bu mübarizə sistemli, ardıcıl aparılacaq”. Şəffaflıq.az Geri qayıt |