Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Epilepsiya: əhalinin 60 mini bu xəstəlikdən əziyyət çəkir - Müalicəsi mümkündürmü?
Epilepsiya: əhalinin 60 mini bu xəstəlikdən əziyyət çəkir - Müalicəsi mümkündürmü?27-01-2019, 10:56 |
Hazırda Azərbaycanda 60 mindən çox insan epilepsiyadan əziyyət çəkir. Şəffaflıq.az xəbər verir ki, bunu Medicina.az saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalov bildirib. Professor deyib ki, bu xəstəlik müxtəlif yaşlarda müşahidə olunsa da, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir: "Epilepsiya uzunillik müalicə tələb edir. Sözsüz ki, bütün dünyada, eləcə də Azərbaycanda da epilepsiyanın əsas müalicə metodu epilepsiya əleyhinə dərmanların (EƏD) istifadəsidir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Müasir farmakoterapiyanın uğurları sayəsində təqribən 60- 70% hallarda tutmalara tam nəzarət mümkündür. Əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir. Ancaq unutmamalıyıq ki, müalicəyə çətin tabe olan epilepsiya formaları da mövcuddur. Bu, 20% hallarda birincili generalizəolunmuş və 35% fokal tutmaları olan xəstələrdə müşahidə olunur”. Epilepsiyanın profilaktikası mümkünlüyünə gəlincə, Ş. Mahalov qeyd edib ki, epilepsiyanın səbəbləri və tipləri müxtəlif olduğundan onun birincili profilaktikası bütün hallarda effektiv deyil: "Hər hansı təhrikedici faktor olmadan yaranan epilepsiyanın qarşısını tamamilə almaq mümkünsüzdür. Epilepsiyanın irsi formaları profilaktikaya tabe olmur. Bununla yanaşı, tibbi yardımın yaxşılaşdırılması meningit və ensefalitdən sonra yarana biləcək epilepsiya xəstəliyini azalda bilər. Kəllə-beyin travmalarından qorunmaq (yollarda təhlükəsizlik tədbirlərini artırmaq, istehsalatda baş üçün kaskalardan istifadə) posttravmatik epilepsiyanın yaranmasnın qarşısını almaq üçün ən effektiv üsuldur. Mamalıq xidmətinin, eləcə də parazitar (exinokokkoz və toksoplazmoz) və bakterial (xüsusilə vərəm və digər) xəstəliklərin ləğvinə yönəlmiş ictimai səhiyyə tədbirlərinin yaxşılaşdırılması yeni epilepsiya hallarının azalmasına zəmin yarada bilər”. Geri qayıt |