Əsas Səhifə > Maraqlı > Sabahdan Azərbaycanda daha bir QADAĞA qüvvəyə minir

Sabahdan Azərbaycanda daha bir QADAĞA qüvvəyə minir


1-05-2020, 00:55

 

Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan - 1 may 2020-ci il tarixdən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

Şəffaflıq.az-ın məlumatına görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm".

Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: "Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.


Geri qayıt