Əsas Səhifə > XARİCİ XƏBƏR > FT: ABŞ hərbçiləri Britaniyanın Lakenhit aviabazasına PUA hücumunu dəf edib

FT: ABŞ hərbçiləri Britaniyanın Lakenhit aviabazasına PUA hücumunu dəf edib


Dünən, 11:54


ABŞ hərbçiləri noyabrın 13-də Suffolk qraflığında Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Lakenhit aviabazası yaxınlığında dövrə vuran 6-ya yaxın pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf ediblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə noyabrın 28-i "Financial Times" (FT) qəzeti insidentin təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, mənbələr İranın əli ola biləcəyini istisna etmirlər. Həmin gün bazada həyəcan siqnalı verilib və ABŞ heyətinə sığınacaqlara çəkilmək tövsiyə olunub. Hadisə barədə elə həmin vaxt məlum olsa da, onun təfərrüatları açıqlanmayıb.

FT-nin həmsöhbətlərinin sözlərinə görə, hərbçilər bazada yerləşdirilmiş PUA-larla mübarizə vasitələrindən istifadə ediblər. Nə Britaniya, nə də ABŞ hərbçiləri dronlardan heç birini əldə edə bilməyiblər. Buna görə də hər iki ölkənin hakimiyyət orqanları dronların silah, kəşfiyyat aparatı və ya digər avadanlıq daşıya biləcəyini istisna edə bilmirlər.

ABŞ Hərbi Hava Qüvvələri noyabrın 13-də "PUA-nın ehtimal olunan icazəsiz uçuşlarına" reaksiya verdiklərini təsdiqləyib. Onların məlumatına görə, xəsarət alan olmayıb, təyyarələrə və infrastruktura ziyan dəyməyib. Britaniya Müdafiə Nazirliyi bildirib ki, nazirliyin polisi və Suffolk polisi ABŞ HHQ-nin mühafizə qüvvələri ilə birgə fəaliyyət göstərib və vəziyyəti tez bir zamanda nizamlamaq mümkün olub.

Lakenhit Avropada ABŞ-nin ən böyük qırıcı aviasiya bazasıdır. Burada 48-ci qırıcı aviasiya qanadı yerləşir, aviabazanın şəxsi heyətinin sayı isə təxminən 7 min nəfərdir. Hələ sentyabr ayında baza komandanlığı orada Pentaqonun şkalası üzrə ikinci ən yüksək təhlükə səviyyəsi olan "Çarli"nin qüvvədə olduğunu təsdiqləyib.


Geri qayıt