Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis texniki reqlamentlərə dair tələbləri ilk oxunuşda qəbul edib
Milli Məclis texniki reqlamentlərə dair tələbləri ilk oxunuşda qəbul edibBu gün, 13:37 |
|
Milli Məclis texniki reqlamentlərə (mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi akt) dair tələblərin təkmilləşdirilməsini birinci oxunuşda qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşır. Bu baxımdan texniki reqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yarana biləcək risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarının və ya reqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır. Təklifə əsasən, həmin risk qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla hər bir malın insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən edilsin və bundan irəli gələrək təhlükəsizlik tələbləri reqlamentdə əks etdirilsin. Eyni zamanda, mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması zərurəti də texniki reqlamentdə öz əksini tapacaqdır. Hazırkı qaydaya əsasən isə uyğunluq sertifikatı (yüksək riskli mallara münasibətdə) və ya uyğunluq bəyannaməsi (orta və aşağı riskli mallara münasibətdə) malların risk qrupuna bağlı idi. Malların risk qrupları üzrə təsnifatı ayrıca sənəd olaraq nəzərdə tutulmadığından mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin malın təhlükəlilik dərəcəsi nəzərə alınmaqla reqlamentlə müəyyən ediləcəkdir. Qeyd olunanlardan irəli gələrək "Texniki tənzimləmə haqqında" Qanunun müddəalarında "risk səviyyəsi" ifadəsi "təhlükəlilik dərəcəsi" ifadəsi ilə əvəz edilir. Həmçinin, uyğunlaşdırma çərçivəsində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Qanundan "orta riskli mallar" ifadəsinin çıxarılması təklif olunur. Hazırda "Texniki tənzimləmə haqqında" Qanuna uyğun olaraq texniki tənzimləmənin şamil olunduğu mallar üzrə (siyahı Nazirlər Kabineti tərəfindən təsdiq edilib) texniki reqlamentlərin hazırlanması və təsdiq edilməsi prosesi həyata keçirilir. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Geri qayıt |