Əsas Səhifə > İnfrastruktur > Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ixtisas attestatının qüvvədəolma müddəti müəyyənləşir
Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ixtisas attestatının qüvvədəolma müddəti müəyyənləşirBu gün, 10:50 |
|
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il müəyyən edilir. Şəffaflıq.az xəbər verir ki, bu, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyətini davam etdirmək istəyən şəxs özü və ya onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) attestatının qüvvədəolma müddətinin son ilində növbəti attestat almaq üçün yenidən müraciət edib imtahanlarda iştirak edə bilər. ƏMTQ üzrə qiymətləndirici ilk imtahandan sonra 2 dəfə eyni istiqamət üzrə attestat aldıqda, sonuncu attestat ona müddətsiz verilir. ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək istəyən və tələblərə uyğunluğu müəyyən edilmiş şəxslər ixtisas attestatının verilməsi məqsədilə keçirilən imtahanlarda iştirak edirlər. İmtahanlarda iştirak ödənişlidir. İştiraka görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Bundan başqa, "Balıqçılıq haqqında" qanunda təklif edilən dəyişikliyə əsasən, balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya fəaliyyətə əsaslı dəyişiklik edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Geri qayıt |