Əsas Səhifə > MALİYYƏ > DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır

DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır


Bu gün, 13:58


2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asılılığı 17,2 % təşkil edəcək ki, bu da 2026-cı ilə nisbətən 2,8 faiz bəndi azdır.

Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Beynəlxalq göstəricilərə nəzər saldıqda görürük ki, hətta yüksək inkişaf etmiş ölkələrdə belə pensiya fondlarının özünü maliyyələşdirmə göstəricisi 30-60 % arasında dəyişir. Yəni inkişaf etmiş ölkələrdə elə fondlar var ki, onların maliyyələşməsinin 30 %-dən çoxu dövlət subsidiyaları hesabına həyata keçirilir. Bizdə isə bu göstərici 17 % təşkil edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, dövlət büdcəsindən Fonda ayrılan vəsaitlər subsidiya və yaxud dotasiya deyil, dövlətin qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin maliyyələşdirilməsidir.

Əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq, 1992-ci ilədək olan iş stajının maliyyələşdirilməsi dövlət büdcəsinin öhdəliyidir. Eyni zamanda, qanunun 20-ci maddəsinə əsasən dövlət qulluqçularına və hərbi xidmətdə olan şəxslərə təyin edilən əlavələr də dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Habelə, dövlət büdcəsi hesabına pensiyaçılara təyin olunan əlavələrin maliyyələşdirilməsi də dövlətin öhdəliyidir. Bu, xüsusilə diqqət yetirilməli vacib məqamdır", - deyə o qeyd edib.

Xatırladaq ki, gələn il DSMF-nin xərcləri 9,3 milyard manat təşkil edəcək ki, bunun da 1,6 milyard manatı büdcədən ayrılacaq. Bu il Fondun xərcləri 8,5 milyard manatdır ki, bunun da 20%-nin və yaxud 1,7 milyard manatının büdcədən ayrılması nəzərdə tutulur.


Geri qayıt