Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb

ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb


Bu gün, 09:33


ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) podratçısı İan Brinksmanı milli müdafiəyə aid məxfi məlumatları "Substack" platformasında materiallar dərc edən sevgilisinə qanunsuz ötürməkdə ittiham edərək saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 42 yaşlı Brinksman 2020-ci ildən Amerikanın dövlət qurumlarından birində işləyib, 2022-ci ildən isə podratçı şirkətdə sistem inteqrasiyası ilə məşğul olub. Onun tam məxfi məlumatlara girişi olub.

İstintaq iddia edir ki, şübhəli şəxs xidməti vəzifələri çərçivəsindən kənara çıxan məlumatlara çıxış əldə edib və onları romantik münasibətdə olduğu qadına ötürüb.

Qadının "Substack" platformasında bloqu olub. 2026-cı ilin sentyabrında o, Amerikanın dövlət qurumunun məxfi qiymətləndirmələrinə əsaslanan materialların dərci barədə məlumat verib.

FTB direktoru Keş Patel bildirib ki, şübhəli şəxs müdafiə sahəsində məxfi məlumatları ötürməklə andını pozub.

"Amerika sirrlərinin qorunması FTB-nin əks-kəşfiyyat fəaliyyətinin əsas prioritetidir. Hökumətin etibarından sui-istifadə edərək milli təhlükəsizliyi heçə sayan və hərbi qulluqçularımızı riskə atan hər kəs qanunun bütün sərtliyi ilə cavab verəcək", - o vurğulayıb.

Öz növbəsində, MKİ direktoru Con Retkliff qeyd edib ki, məxfi məlumatların icazəsiz açıqlanması milli təhlükəsizliyə, kəşfiyyat mənbələrinə, həyata keçirilən əməliyyatlara və idarə əməkdaşlarına ciddi təhlükə yaradır.

Ədliyyə Nazirliyindən vurğulanıb ki, irəli sürülmüş ittihamlar məhkəmədə sübut olunmalıdır və hökm çıxarılana qədər şübhəli şəxs təqsirsiz hesab edilir.


Geri qayıt