Əsas Səhifə > Hadisə > "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə cəza istənilib
"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə cəza istənilibBu gün, 12:18 |
|
Dövlət ittihamçısı "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun 3 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Şəffaflıq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı da öz növbəsində çıxış edib. Növbəti iclas oktyabrın 29-na təyin olunub. Qeyd edək ki, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib. Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb. Geri qayıt |