Əsas Səhifə > SİYASƏT > YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar müzakirə olunub

YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar müzakirə olunub


Bu gün, 13:57


Dövlət İdarəçilik Akademiyası və Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar" adlı dəyirmi masa keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, müzakirədə Milli Məclisin deputatları, politoloqlar, beyin mərkəzlərinin nümayəndələri, digər qonaqlar, eləcə də akademiyanın müəllim və tələbələri iştirak ediblər.

Akademiyanın rektoru, professor Urxan Ələkbərov YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas tezislərə toxunaraq bildirib ki, bu çıxış həm də Azərbaycanın keçdiyi yolu əks etdirən bir hesabat idi.

Milli Məclisin deputatı Rizvan Nəbiyev dövlət başçısının çıxışında səsləndirdiyi fikirləri Azərbaycanın gələcək inkişaf doktrinası üçün mühüm yol xəritəsi adlandırıb.

O, Azərbaycanla Ermənistan arasında hələ də konkret sülh müqaviləsinin bağlanmadığına diqqət çəkərək deyib ki, bu mənada, Azərbaycanın gələcək addımları müxtəlif amillərə söykənməlidir: "Regionda qeyri-müəyyənlik mövcuddur. Regiona sülhü gətirən Azərbaycan bu qeyri-müəyyənlikdə dayanıqlılıq nümayiş etdirir".

Deputat Azər Allahverənov isə Prezidentin milli təhlükəsizliklə bağlı fikirlərinə diqqət çəkib: "Bu tezislərin hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməli, dəyərləndirilməli və bunun əsasında konkret baxış bucağı müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bu fikirlərdən Azərbaycan cəmiyyətinin hər bir üzvü özü üçün müəyyən nəticə çıxarıb".

A.Allahverənov qeyd edib ki, milli təhlükəsizlik və inkişaf paralel şəkildə irəliləməli, bir-birini tamamlamalıdır.

Deputat Elçin Mirzəbəyli isə çıxışında bildirib ki, müasir dövrdə təhlükəsizlik amilinin nə dərəcədə mühüm əhəmiyyət daşıdığı və nə qədər geniş komponentləri əhatə etdiyi aydın görünür: "Azərbaycan bu mənada regionda baş verən prosesləri analiz edərək təhlükəsizlik tədbirlərini hər zaman prioritet məsələ hesab edir".

Politoloq Zaur Məmmədov çıxışı zamanı informasiya və ideoloji təhdidlərin müasir dünyada çox geniş yayıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu çərçivədə hər bir ölkənin qarşısında müəyyən çağırışlar dayanır.

Sabiq səfir, hüquqşünas Namiq Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq sülh prosesinin gedişi haqqında danışıb. O, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasının yer aldığı hissənin çıxarılması üçün heç də yeni konstitusiyanın hazırlanmasına ehtiyac olmadığını vurğulayıb. Sabiq səfir çıxışının sonunda bu yöndə Ermənistana davamlı xatırlatmalar etməyin vacibliyini vurğulayıb.

Çıxışların ardınca mövzu ətrafında fikir mübadiləsi davam etdirilib.


Geri qayıt