Əsas Səhifə > MALİYYƏ > Dünya Bankı Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün üç prioritet istiqamət müəyyən edib
Dünya Bankı Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün üç prioritet istiqamət müəyyən edibBu gün, 13:09 |
|
Dünya Bankı Azərbaycan hökuməti ilə birgə ölkədə iqtisadi artımın sürətləndirilməsinə yönəlmiş struktur islahatlarının üç əsas istiqaməti üzrə fəaliyyət göstərir. Şəffaflıq.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Gi-Dibi (Steve Loris Gui-Diby) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib. İqtisadçı birinci istiqamət kimi, hazırda aparıcı sahələrdə və inhisarçı seqmentlərdə dominant mövqe tutan dövlət şirkətləri ilə özəl sektor üçün bərabər şəraitin (level playing field) yaradılması vasitəsilə daxili rəqabətin gücləndirilməsini fərqləndirib. İkinci islahatlar istiqaməti xarici rəqabətqabiliyyətliliyin artırılması ilə bağlıdır. Bu kontekstdə qeyri-neft sahələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi, ticarət siyasətinin təkmilləşdirilməsi, eləcə də xammal idxalı və yerli məhsulların hədəf bazarlarına çıxarılması zamanı xərclərin azaldılması məqsədilə qeyri-tarif tədbirlərinin sadələşdirilməsi nəzərdə tutulur. Dünya Bankı rəsmisi üçüncü istiqamət kimi məhsuldarlığın artırılması zərurətini və neft-qaz sahəsində dinamikanın pisləşməsi fonunda azalan ümumi faktor məhsuldarlığı göstəricilərindəki mənfi tendensiyanın aradan qaldırılmasını qeyd edib. "World Bank Enterprise Survey" tədqiqatının məlumatlarına görə, Azərbaycanın qeyri-neft müəssisələri məhsuldarlıq səviyyəsinə görə hələki Çili və ya Bolqarıstan kimi müqayisə edilə bilən iqtisadiyyatlardan geri qalır. "Dünya Bankı xidmətlər sahəsində maneələrin aradan qaldırılmasına, özəl kapital qoyuluşlarının stimullaşdırılmasına və uzunmüddətli fiskal sabitliyin təmin edilməsinə yönəlmiş texniki dəstək göstərməklə və analitik materiallar təqdim etməklə Azərbaycan hakimiyyəti ilə fəal dialoqu dəstəkləyir", - S. Gi-Dibi qeyd edib. Geri qayıt |