Əsas Səhifə > Hadisə > Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb


Bu gün, 13:08


Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti yenidən 7 gün uzadılıb.

Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

O qeyd edib ki, məhkəmədə polis tərəfindən verilən məlumata görə, istintaq çərçivəsində indiyədək 320-dən artıq şəxsin ifadəsi alınıb:

"Araşdırmada gəminin texniki vəziyyəti, gəminin burun hissəsində iyunun 17-də baş verdiyi bildirilən zədələnmə və sonrakı təmir işləri diqqət mərkəzindədir. Bildirilib ki, həmin zədənin və təmirin gəminin batmasına təsirinin olub-olmaması araşdırılır. Həmçinin təmir barədə aidiyyəti qurumlara məlumat verilib-verilmədiyi və təmirdən sonra gəminin neçə dəfə səfərə çıxdığı müəyyənləşdirilir".

Orxan Həsənoğlunun sözlərinə görə, hazırda sualtı axtarışlar davam etdirilir, "Optimus Prime" gəmisinin qara qutusu və VDR qeyd cihazının tapılması istiqamətində iş aparılır:

"İstintaq çərçivəsində sahilə çıxan 17 gəmi detalının ekspertizaya göndərilməsi, həmçinin Türkiyədə, o cümlədən Adanadakı gəmi təmiri müəssisəsində araşdırma aparılması planlaşdırılır. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin bütün səbəb və hallarının hərtərəfli və obyektiv araşdırılmasını, həmçinin Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun hüquqlarının qorunmasını diqqətdə saxlayır. Saxlanılan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən edilməyib".

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.

Şəffaflıq.az


Geri qayıt