Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Laçında "İkinci həyat" sərgisi təşkil olunub
Laçında "İkinci həyat" sərgisi təşkil olunubBu gün, 12:28 |
|
Laçın şəhərində "İkinci həyat" sərgisi təşkil edilib. Şəffaflıq.az xəbər verir ki, sərgi 26 avqust - Laçın Şəhəri Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə "Arts Council Azerbaijan" incəsənət platforması tərəfindən təşkil olunub. Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir. Qeyd edilib ki, peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir. Layihənin əsas hədəfləri mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır. Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərini ("Dayanıqlı şəhərlər və icmalar", "Məsuliyyətli istehlak və istehsal", "İqlim üzrə fəaliyyət") də ehtiva edir. Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Geri qayıt |