Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Rumıniyada keçirilən festivalda Azərbaycan muğamı təqdim olunub

Rumıniyada keçirilən festivalda Azərbaycan muğamı təqdim olunub


Bu gün, 15:24


Mədəniyyət Nazirliyinin və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan muğam mədəniyyəti Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində keçirilən festivalda təqdim edilib.

Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Maramureş vilayəti Gününə həsr olunan Rumıniya, Moldova, Ukrayna, Albaniya, Azərbaycandan vokal və rəqs ansambllarının iştirak etdiyi festivalda Azərbaycanı təmsil edən sənətçilər milli musiqi və muğam nümunələrini təqdim ediblər.

Tədbiri Rumıniyanın və iştirakçı ölkələrin dövlət rəsmiləri ziyarət ediblər.

Festivalda iştirak edən Azərbaycan Dövlət Akademik Filarmoniyasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Televiziya Muğam müsabiqəsinin laureatı, xanəndə Rəvanə Qurbanova, kamançaçı, Əməkdar artist Xəyyam Məmmədov və tarzən, ansamblın meneceri, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov tədbirin təşkilatçıları tərəfindən təltif olunublar.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Şəffaflıq.az


Geri qayıt