Əsas Səhifə > İdman > IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib
IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndiribBu gün, 15:18 |
|
Beynəlxalq Cüdo Federasiyası (IJF - International Judo Federation) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu turnirin əsas simvolik məqamlarından biri kimi qiymətləndirib. Bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib. Məqalədə qeyd olunur ki, çempionatın ikinci günündən yadda qalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub. Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodriqo Suares Qarrosaya qalib gələn İlham Zəkiyev 10-cu qitə çempionluğunu rəsmiləşdirib. Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, Zəkiyev ilk dəfə 2004-cü ildə Afina Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçu həmçinin üçqat dünya çempionudur. Məqalədə İlham Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb. Bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənclər. Qeyd edək ki, İ.Zəkiyev Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitə çempionu titulunu qazanıb. Şəffaflıq.az Geri qayıt |