Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb
Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıbBu gün, 12:09 |
|
Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən olan Şindan qalasında arxeloji kəşfiyyat işlərinə başlanılıb. Şəffaflıq.az-ın məlumatına görə, Şindan qalası Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvəsində, İran sərhədinə yaxın ərazidə yerləşir və bölgənin mühüm tarixi-arxeoloji abidələrindən hesab olunur. AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin bildirdiyinə görə, aparılan vizual müşahidələr nəticəsində yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, ərazidə diqqətəlayiq yeni arxeoloji izlər müəyyən edilib. Belə ki, Şindan qalası ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacağı) qeydə alınıb. Ərazinin müşahidəsi zamanı sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səddə qaya divarına xas nizamlı hörgünün görünmədiyi və giriş hissəsinin təbii qayanın aşınması nəticəsində yarana biləcəyi müəyyən edilib. Bununla yanaşı, sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın sahədə təxminən 22×22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları, eləcə də keramika fraqmentləri müşahidə edilib. Quruluşun funksional təyinatı hələ dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunması ehtimal olunur. Ərazidə qeydə alınan keramika materialları ilkin olaraq orta əsrlər dövrü ilə əlaqələndirilir. Lakin onların dəqiq xronoloji mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əlavə tipoloji və laborator tədqiqatlara ehtiyac var. Şindan qalası artıq tərk edilmiş memarlıq obyekti kimi təqdim edilir. Qalanın təxminən 7000 fut (213,36 metr) hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyi, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğu, lakin həmin dövrdə artıq dağıldığı bildirilib. Daha yuxarı hissədə ikinci daş divarın, müxtəlif tikili xarabalıqlarının, ən hündür nöqtədə isə düz daş platforma, sistern (su çəni) və uzunsov formalı bir tikilinin yerləşdiyi təsvir olunub. 1833-cü il təsvirində müdafiə divarlarının artıq həmin dövrdə dağılmış vəziyyətdə qeyd edilməsi 193 il sonra yerüstü monumental qalıqların nədən aydın görünmədiyini abidənin uzunmüddətli təbii aşınma və dağılma prosesinə məruz qaldığını aydın izah edir. Yazılı mənbələrlə yanaşı, abidənin adı və coğrafi mövqeyi də onun tarixi funksiyası haqqında müəyyən mülahizələr yürütməyə imkan verir. Şindan toponiminin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bəzi tədqiqatçılar adı talış dilində "Şındu" (pilləkənli), digərləri "şin" (yaşıllıq) və "dan" (yer) sözləri ilə, yaxud qədim Şin tayfası ilə əlaqələndirirlər. Qalanın Talış dağlarının sıldırım zirvəsindəki hərbi-strateji mövqeyi onun ətraf ərazilərə nəzarət və müşahidə məqsədilə tikildiyini göstərir. 2026-cı ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə abidə ərazisində yenidən həyata keçirilən kəşfiyyat işləri Şindan qalasının müasir vəziyyətinin qiymətləndirilməsi və əvvəlki mənbələrdə verilmiş məlumatların ərazidəki arxeoloji izlərlə müqayisəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Şindan qalasına qalxarkən Sım kəndinin ərazisində, qalanın ətəyində yerləşən qədim qəbiristanlıq bu günə qədər qorunub saxlanılıb. Oradakı həndəsi formalı naxışlarlar vurulmuş qəbirüstü abidələr pilləvari formada olub. Geri qayıt |