Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb

Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb


Bu gün, 10:55


Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı embarqo elan etməsindən sonra Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərinin hərəkət intensivliyi bir həftə ərzində 56% azalıb.

Şəffaflıq.az-ın "The National" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Kpler analitik şirkətinin məlumatları göstərir.

Nəşrin məlumatına əsasən, iyulun 26-da boğazdan xammal daşıyan cəmi 15 gəmi keçib. Halbuki blokadanın elan edildiyi iyulun 20-də bu göstərici 34 gəmi olub. Doqquz gəmi Qırmızı dəniz akvatoriyasını tərk edib, daha altı gəmi isə həmin əraziyə daxil olub. Onlar Çin, Hindistan, Pakistan və Niderlanda neft, taxıl və gübrə daşıyıblar.

Qeyd olunub ki, gəmiçiliyin azalması husilərin iyulun 25-də Səudiyyə Ərəbistanının Saudi Aramco neft-qaz şirkətinin Cizan və Yanbu liman şəhərlərindəki obyektlərinə zərbələr endirəcəkləri barədə açıqlamalarından sonra baş verib. Bu isə Yəməndə genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlaması ilə bağlı narahatlıqları artırıb.

Eyni zamanda, ABŞ və İran arasında iki həftə davam edən qarşılıqlı zərbələrdən sonra döyüşlərdə yaranan fasilə fonunda iyulun 26-da Hörmüz boğazından keçən gəmilərin hərəkəti demək olar ki, iki dəfə artıb.

Kpler məlumatlarına əsasən, iyulun 26-da Hörmüz boğazını 11 gəmi keçib, iyulun 25-də bu rəqəm 6, iyulun 24-də isə 12 gəmi olub. Bununla yanaşı, bir çox gəmi aşkarlanmamaq üçün izləmə sistemlərini söndürüb və standart olmayan marşrutlarla hərəkət edib.

Xatırladaq ki, bundan əvvəl iyulun 20-də "Ənsar Allah" hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Səudiyyə Ərəbistanına qarşı dəniz nəqliyyatına qadağa tətbiq edildiyini elan etmişdi. Buna cavab olaraq, iyulun 21-də Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası Bab əl-Məndəb boğazında ticarət gəmilərinin qorunması üzrə tədbirlərin həyata keçirilməsinə başlandığını açıqlamışdı.


Geri qayıt