Əsas Səhifə > SİYASƏT > SSRİ-nin “ləkəli başı” Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

SSRİ-nin “ləkəli başı” Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ


20-01-2019, 14:09

 29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.

Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.

Zirehli texnika ilə Bakıya daxil olan sovet ordusu şəhərdə dinc əhaliyə əsl divan tutdu. 20 Yanvar Azərbaycanın hüzn günü olmaqla yanaşı, müstəqilliyinə qovuşduğu tarix olaraq da yadda qaldı. Əli yalın azərbaycanlılar sovet tanklarının önünə çıxmaqla SSRİ imperiyasını çökdürdü, “xalqlar həbsxanasında” olan 15 respublikanı da azadlığa qovuşdurdu.

20 Yanvar hadisələrinə görə cinayət məsuliyyəti daşıyanlar hələ də cəzasını almayıb. Günahkar kim idi?. Bu sual qarşısında həmişə nəzərlər Moskvaya, keçmiş SSRİ-yə və bu gün Qərbin qucağında oturub ahıl yaşını yaşayan “ləkəli başa” – Qorbaçova yönəlir. Bu doğrudur, onlar Azərbaycan xalqına divan tutmuşdu. Lakin azərbaycanlıların qanına əlini batıran təkcə Qarbaçov və Kreml idimi?

Həmin dövrün geosiyasi mənzərəsi fonunda bu sualın cavabı maraqlıdır: 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca SSRİ tərkibində olan Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi. Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da məsuliyyət daşıdığı fikrinə haqq qazandırır.

Lakin hər şey bundan ibarət deyilmiş və ortaya çıxan bir sıra sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətində Ağ Evin indi demokratiya adı altında hər kəsin gözünə soxduğu barmağının olduğunu göstərir…

1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, – Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı bahalı kostyumunu düzəldə-düzəldə 29 il öncə Şevardnadzeyə belə deyirdi.

Həmin görüşdən bir gün sonra SSRİ-nin “ləkəli başı” “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeridir. O həqiqət idi ki, Qorbaçov SSRİ-nin başına gətirilmiş ABŞ-ın adamı idi və Vaşinqtonun “erməni sevgisi” onun timsalında təzahürünü tapırdı.

SSRİ müdafiə naziri olmuş, Bakıdakı qırğınların birbaşa icraçısı Dmitri Yazov həmin dövrü belə xatırlayır: “Mən erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Artsax” adlandırır. Bu, onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi”.

Öz kolleqası bu sözlərlə Qorbaçovun kimliyini açıqlayır. 20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət ünvanlayır.

Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər.

Məktubda bildirilir ki, Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.

Bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir. Maraqlıdır ki, Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell da var. Həmçinin, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Brekslerdə müraciətə imza atıblar. Müraciətin altındakı imzalar arasında ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin də adı var idi.


Asif Nərimanlı
Geri qayıt