Əsas Səhifə > REGİON > Özbəkistan və Gürcüstan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb

Özbəkistan və Gürcüstan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb


Bu gün, 14:53


Tbilisidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən danışıqların yekunları üzrə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair bəyannamə imzalanıb.

Şəffaflıq.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçılarının iştirakı ilə tərəflər həmçinin müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən ikitərəfli sənədlər paketini mübadilə ediblər.

Xüsusilə, gömrük işlərində əməkdaşlıq və inzibati yardım, informasiya-kommunikasiya texnologiyaları və rəqəmsallaşdırma, həmçinin elm və innovasiyalar, peşə və ali təhsil sahələrində sazişlər imzalanıb.

Bundan başqa, Özbəkistan və Gürcüstan hökumətləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı və iki ölkənin mədəniyyət nazirlikləri arasında 2027-2030-cu illər üçün əməkdaşlıq proqramı təsdiq edilib.

Tərəflər həmçinin iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm və nüvə təhlükəsizliyi sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan bir sıra memorandumlar imzalayıblar. Ayrıca bir memorandum "E-Permit" elektron icazə mübadiləsi informasiya sisteminin tətbiqinə həsr olunub.


Geri qayıt