Əsas Səhifə > SİYASƏT > Qırğızıstan yanacaq-sürtkü materiallarının tədarükü ilə bağlı Azərbaycana müraciət edib

Qırğızıstan yanacaq-sürtkü materiallarının tədarükü ilə bağlı Azərbaycana müraciət edib


Bu gün, 14:05


Qlobal enerji bazarındakı qeyri-sabit vəziyyət fonunda Qırğızıstan yanacaq-sürtkü materiallarının davamlı tədarükünü təmin etmək məqsədilə Azərbaycana rəsmi müraciət göndərib.

Şəffaflıq.az-ın Qırğızıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bənzər müraciətlər həmçinin Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistanın dövlət orqanlarının ünvanına da göndərilib.

Qurumun məlumatında qeyd edilib ki, bu tədbirlər yanacağın sabit tədarükünün qorunması və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir. Paralel olaraq tədarükün şaxələndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparılır: "Hazırda Qırğızıstanda kifayət qədər yanacaq-sürtkü materialları ehtiyatı formalaşdırılıb, tədarük isə əvvəllər bağlanmış müqavilələrə uyğun olaraq daimi əsasda həyata keçirilir və nəzarət altındadır".

Qeyd olunub ki, Qırğızıstan yanacaq-sürtkü materiallarının əsas hissəsini idxal edir, buna görə də qlobal enerji bazarındakı dəyişikliklər, o cümlədən Yaxın Şərqdəki geosiyasi gərginlik, beynəlxalq logistikadakı risklər və dünyada neft qiymətlərinin artması ölkənin daxili bazarına təsir göstərir.

Daha əvvəl "Report"a müsahibəsində Qırğızıstanın sabiq energetika naziri Taalaybek İbrayev bildirmişdi ki, respublika çöl işləri və turizm mövsümü dövründə daxili tələbatın gözlənilən artımı ilə əlaqədar Azərbaycandan benzin və dizel yanacağı idxalını ayda 20-30 min tonadək artırmağı planlaşdırır.


Geri qayıt