Əsas Səhifə > Gündəm > Prezident koronavirusa görə 1 MİLYARD MANAT AYIRDI
Prezident koronavirusa görə 1 MİLYARD MANAT AYIRDI19-03-2020, 22:41 |
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır. Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir. Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılsın. Şəffaflıq.az Geri qayıt |