Əsas Səhifə > REGİON > Ukrayna ordusu Tatarıstanda iki neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu Tatarıstanda iki neft emalı zavoduna zərbələr endirib


Bu gün, 14:02


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisindəki bir sıra obyektlərə, o cümlədən Tatarıstandakı "TANEKO" və "TAİF-NK" neft emalı zavodlarına (NEZ) zərbələr endirildiyini açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat verilib.

Ukrayna hərbçilərinin məlumatına görə, iyunun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Nijnekamskdakı neft emalı müəssisələrinə zərbələr endirib.

Bildirilib ki, hər iki zavodun ərazisində yanğınlar baş verib.

Baş Qərargah həmçinin Samara vilayətindəki "Tolyattikauçuk" kombinatının da vurulduğunu bildirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində, eləcə də Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Xerson, Donetsk, Zaporojye və Luqansk vilayətlərinin ərazilərində Rusiya qoşunlarının komanda-müşahidə məntəqələrinə, anbarlarına və logistik infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Eyni zamanda qeyd edilib ki, iyunun 10-da Samara vilayətindəki Kuybışev neft emalı zavoduna endirilən zərbə ilə bağlı məlumatların dəqiqləşdirilməsi nəticəsində ilkin neft emalı qurğularının və rezervuarın vurulduğu təsdiqlənib. Baş Qərargahdan bildirilib ki, müəssisə işini dayandırıb.


Geri qayıt