Əsas Səhifə > MALİYYƏ > Azərbaycanın müstəqillik tarixində ilk dəfə icmal büdcənin 6 komponentindən 5-i profisitli olub

Azərbaycanın müstəqillik tarixində ilk dəfə icmal büdcənin 6 komponentindən 5-i profisitli olub


Bu gün, 13:53


2025-ci ildə Azərbaycanın müstəqillik tarixində ilk dəfə icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ötən il icmal büdcədə profisit müşahidə edilib. Bu göstərici 3 milyard 355,1 milyon manat və yaxud ÜDM-in 2,6 %-i nisbətində olub. Profisitin yaranmasının mənbəyi dövlət büdcəsi ilə yanaşı Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsində yaranan büdcə artıqlığıdır", - deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddinə çataraq 39,2 milyard manat təşkil edib: "Gəlirlərin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 milyard manat olmuşdur. Lakin, xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il 93,2 % nisbətində müşahidə edilib, proqnozla müqayisədə büdcə xərcləri 2 milyard 803 milyon manat az icra edilib. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir edib. Nəticədə dövlət büdcəsində 3 milyard manatlıq proqnozlaşdırılan kəsir 580 milyon manatlıq profisitlə əvəz edilib".

"2025-ci ildə büdcə qaydasının əsas göstəriciləri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 %, dövlət borcunun ÜDM-ə nisbəti isə 20,1 % olub. Hər iki göstərici üzrə əldə edilən nəticə qoyulan hədəfə uyğundur. Burada bir məqam da qeyd edilməlidir. Qeyri-neft ÜDM-in yüksəlməsi qeyri-neft büdcə kəsirinin nisbətinin azalmasına səbəb olur. Eyni zamanda, əgər dövlət büdcəsinin xərcləri üzrə tam olaraq icra edilsəydi o halda icmal büdcə xərclərinin həcmi həmin nisbətdə böyüməli idi ki, bu da qeyri-neft büdcə kəsirinin nisbətinin 18,6 % deyil, 21,6 % olması anlamına gələrdi və qoyulan 20 %-lik nisbət aşılardı. Yəni xərclərin icra edilməməsi də sonda fiskal intizam normasına əməl edilməsinə səbəb olub. Nəticə olaraq bildirmək istəyirik ki, bu göstəricilər fiskal dayanıqlılığı qiymətləndirmək üçün tam yetərli olmaya bilər. Alternativ yanaşma kimi xərclənə biləcək məbləğin müəyyən edilməsini təklif edirik", - deyə V.Gülməmmədov əlavə edib.

Onun sözlərin görə, əvvəlki illə müqayisədə hesabat ilinin dövlət büdcəsinin gəlirlərinin tərkibində həm vergi gəlirləri üzrə, həm də qeyri-vergi gəlirləri üzrə artım müşahidə edilir: "Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə vergi gəlirləri 1,5 % artaraq 20 milyard 457 milyon manat, qeyri-vergi gəlirləri isə 10,2 % artaraq 18 milyard 727,6 milyon manat təşkil edib. Lakin cəmi gəlirlərdə vergi gəlirlərinin payı azalaraq 52,2 %-ə düşüb, qeyri-vergi gəlirlərinin payı isə artaraq 47,8 %-ə çatıb. Qeyd olunan dinamika qeyri-vergi gəlirlərinin artımında əsasən transfertlər və digər alternativ mənbələrin həlledici rol oynadığını göstərir".


Geri qayıt