Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > BCM prokuroru Kərim Xan vəzifəsindən kənarlaşdırılıb

BCM prokuroru Kərim Xan vəzifəsindən kənarlaşdırılıb


Bu gün, 10:48


Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna İştirakçı Dövlətlərin Assambleyasının Bürosu bu qurumun prokuroru Kərim Xanı ona qarşı irəli sürülmüş qısnama ittihamları ilə bağlı intizam icraatı başa çatana qədər vəzifəsinin icrasından müvəqqəti kənarlaşdırmaq barədə qərar qəbul edib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə məhkəmənin rəsmi bəyanatında deyilir.

Qeyd olunub ki, qəbul edilmiş qərar dərhal qüvvəyə minir. Bundan əlavə, büro intizam icraatının materiallarını assambleyanın baxışına göndərib və bu məsələnin araşdırılması üçün "mümkün qədər qısa müddətdə" qurumun xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edib.

Bununla belə vurğulanıb ki, prokurorun vəzifədən kənarlaşdırılması onun işi üzrə yekun nəticəni qabaqcadan müəyyən etmir. Qeyd olunub ki, qərar BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisi tərəfindən aparılmış təhqiqatın yekunlarına dair hesabat, təqdim olunmuş sübutlar bazası, məhkəmə ekspertləri kollegiyasının rəyi, həmçinin tərəflərin təqdim etdiyi yazılı materiallar əsasında qəbul edilib. Qərarın özünün məzmunu və müşayiətedici sənədlər ictimaiyyətə açıqlanmayıb.

2025-ci ilin may ayında Xanın ilk dəfə 2024-cü ilin oktyabrında irəli sürülmüş qısnama ittihamları üzrə aparılan təhqiqat dövründə inzibati məzuniyyətə çıxdığı və vəzifələrinin icrasını dayandırdığı barədə məlumat yayılmışdı. Avqust ayında "The Guardian" nəşri xəbər vermişdi ki, daha bir qadın BCM-ə 2009-cu ilə aid edilən mümkün qanun pozuntusu epizodları barədə bildiriş göndərib. Həmin vaxt onun 20-dən bir qədər çox yaşı olub və o, Xanın ofisində ödənişsiz təcrübə keçirmiş. Xan isə o dövrdə BCM-də və Haaqadakı digər beynəlxalq tribunallarda müdafiə tərəfinin aparıcı nümayəndəsi olub.


Geri qayıt