Əsas Səhifə > İnfrastruktur > Xızı–Altıağac yolunda selin fəsadlarının aradan qaldırılmasına başlanılıb

Xızı–Altıağac yolunda selin fəsadlarının aradan qaldırılmasına başlanılıb


Bu gün, 15:16


Xızı–Altıağac avtomobil yolunda sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Xızı-Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması nəzərdə tutulur", - AAYDA-dan bildirilib.

"Bu ilin mart–aprel aylarında müşahidə olunan intensiv leysan yağışları nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib.

Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı–Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.

AAYDA vurğulayır ki, hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılıb.

"Həyata keçirilən tədbirlər yol infrastrukturunun dayanıqlığının artırılmasına, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və bölgənin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına xidmət edir", - məlumatda deyilir.

Şəffaflıq.az


Geri qayıt