Əsas Səhifə > XARİCİ XƏBƏR > Yersayın Naqaspayev: Qazaxıstan MDB ölkələri ilə sənaye əməkdaşlığının genişləndirilməsində maraqlıdır

Yersayın Naqaspayev: Qazaxıstan MDB ölkələri ilə sənaye əməkdaşlığının genişləndirilməsində maraqlıdır


Bu gün, 15:09


Qazaxıstan MDB ölkələri ilə birgə ümumi məbləği 56 milyard dollar olan sənaye layihələrini həyata keçirib və işləyib hazırlayır.

"Report"un Qazaxıstan bürosu ölkənin Sənaye və Tikinti Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti naziri Yersayın Naqaspayev Astanada Avrasiya İqtisadi Forumu çərçivəsində keçirilən MDB iştirakçı-dövlətlərinin Sənaye Siyasəti Şurasının XII iclası zamanı bəyan edib.

Ötən il Qazaxıstanın MDB ölkələri ilə sənaye məhsulları üzrə ticarət dövriyyəsi 35,6 milyard dollar təşkil edib:

"Son 5 il ərzində Qazaxıstanın MDB ölkələri ilə sənaye malları üzrə ticarəti 20 % artıb".

Nazirliyin məlumatına görə, tərəfdaşlarla birgə 56 milyard dollar məbləğində 276 sənaye layihəsi həyata keçirilib və hazırlanır. Onların reallaşdırılması təxminən 79 min iş yerinin yaradılmasını nəzərdə tutur.

"İclasda sənaye əməkdaşlığının dərinləşdirilməsi, texnoloji tərəfdaşlığın inkişafı və dayanıqlı istehsal zəncirlərinin formalaşdırılması perspektivləri müzakirə olunub", - məlumatda vurğulanıb.

Y.Naqaspayev qeyd edib ki, Qazaxıstan birgə istehsalların işə salınmasına və əsas sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəlmiş yanaşmanı ardıcıl olaraq həyata keçirir.

İclasda Qazaxıstanın sənaye və tikinti naziri MDB iştirakçı dövlətlərinin Sənaye Siyasəti Şurasının sədri seçilib. O bildirib ki, Qazaxıstan Şuranın işinin səmərəliliyinin artırılması üçün tərəfdaş ölkələrlə konstruktiv qarşılıqlı əməkdaşlığa hazırdır.

Bundan əlavə, iclasın iştirakçıları həmçinin elektron sənayenin inkişafı, sahələrin rəqəmsal transformasiyası, maşınqayırma, metallurgiya, yeyinti sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

İclasın yekunlarına əsasən, MDB dövlətləri arasında sənaye əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

Şəffaflıq.az 


Geri qayıt