Əsas Səhifə > SİYASƏT > Səbinə Salmanova: Mina təhlükəsi azad olunan ərazilərin bərpa prosesini ləngidir

Səbinə Salmanova: Mina təhlükəsi azad olunan ərazilərin bərpa prosesini ləngidir


Bu gün, 15:34


Postmünaqişə dövrünün ən ciddi problemlərindən biri mina təhlükəsidir.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi" adlı sessiyada deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyatına ciddi təhlükə yaradır və bərpa prosesini ləngidir.

"Azad edilmiş torpaqlarda 900 min hektardan çox ərazi minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bölgədə təxminən 1,5 milyon mina basdırılıb. 2020-ci ilin noyabrından etibarən 262 min hektardan çox ərazi təmizlənib, 246 mindən çox mina və partlamamış silah zərərsizləşdirilib. Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".

Deputat bəyan edib ki, bir yolun çəkilməsi, bir məktəbin tikilməsi və ya bir kəndin salınması üçün əvvəlcə həmin ərazilərdə uzun müddət minatəmizləmə işləri aparılır, bu isə həm vaxt itkisi yaradır, həm böyük maliyyə resursları tələb edir, həm də insan həyatı üçün ciddi risklər formalaşdırır:

"Mina təhlükəsi yalnız təhlükəsizlik problemi deyil. Eyni zamanda, böyük humanitar problemdir. Bu, insanların doğma torpaqlarına qayıdışını gecikdirən əsas maneələrdən biridir. Mina problemi həm də kənd təsərrüfatının, iqtisadi fəaliyyətin və sosial həyatın bərpasına da mane olur".


Geri qayıt