Əsas Səhifə > SİYASƏT > Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadı
Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadıBu gün, 11:38 |
|
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, Azərbaycanla imzalanan tarixi saziş paketinin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri mühüm rol oynayıb. Şəffaflıq.az-ın məlumatına görə, nazir bu barədə "İmedi" televiziyasının efirində Azərbaycanla imzalanmış müqavilələri şərh edərkən danışıb. Onun sözlərinə görə, razılaşmaların əldə olunmasından əvvəl aylarla davam edən intensiv danışıqlar aparılıb. Nazir qeyd edib ki, imzalanan sazişlər əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir: "Enerji sahəsində əldə olunan razılaşmalar qaz təchizatı, qaz idxalı və tranziti, elektrik enerjisinin idxalı və tranziti, həmçinin fəaliyyəti dayandırılmış Bakı-Supsa boru kəmərinin yenidən işə salınmasını nəzərdə tutur". M. Kvrivişvili bildirib ki, Gürcüstan üçün qaz təminatının davamlılığı, əlverişli kommersiya şərtləri və enerji mənbələrinin diversifikasiyası əsas prioritetlərdəndir. Nazir əlavə edib ki, bu ilin sonunda müddəti başa çatmalı olan sosial qaz müqaviləsinin uzadılması ilə bağlı Azərbaycanla razılıq əldə olunub. "20 illik mövcud müqavilənin uzadılması və sosial qazın sosial qiymətlə təmin olunması imkanının əldə edilməsi sevindirici haldır", – deyə o vurğulayıb. Mariam Kvrivişvilinin sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstanın regionda tranzit ölkə kimi rolunu daha da gücləndirəcək. Geri qayıt |