Əsas Səhifə > İnfrastruktur > BMT rəsmisi: "Şəhər iqlimi və təhlükəsizlik yanaşmaları inteqrasiya edilməlidir"

BMT rəsmisi: "Şəhər iqlimi və təhlükəsizlik yanaşmaları inteqrasiya edilməlidir"


Bu gün, 15:11


Şəhər iqlimi və təhlükəsizlik yanaşmaları inteqrasiya edilməlidir.

Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

"Biz tamamilə yeni bürokratiyaların yaradılmasını və ya ayrıca bir siyasət sahəsinin formalaşdırılmasını təklif etmirik. Əksinə, məqsəd mövcud sahələrdən əldə olunan dərsləri bir-biri ilə əlaqələndirməkdir. Mən Mattiyə dediyim ideyalardan biri odur ki, iqlim təhlükəsizliyi mexanizmləri artıq iqlim təhlükəsizliyi üzrə müşavirlər vasitəsilə fəaliyyət göstərir. Lakin biz şəhər iqlimi, sülh və təhlükəsizlik məsələlərini həmin mövcud çərçivələr vasitəsilə həyata keçirilən məsləhət və risk planlaşdırılması analizlərinə inteqrasiya edə bilərik. Hesabatda qeyd etdiyimiz digər mühüm məqam isə budur ki, iqlim stress amilləri, müdaxilə nöqtələri, məruz qalma elementləri göstərilir", - deyə qeyd edib.

Ekspert əlavə edib ki, yerli idarəetmə iqlim təhlükəsizliyində əsas aktora çevrilməlidir: "Yerli idarəetmə orqanları iqlim təhlükəsizliyi çərçivələrinə daha sıx inteqrasiya edilməlidir. Bələdiyyələr, yerli xidmət təminatçıları, məhəllə fəalları və vətəndaş cəmiyyəti çox vaxt artan təzyiqləri ilk müşahidə edən və ilk reaksiya verməsi gözlənilən aktorlardır. Bununla belə, onların resursları adətən məhdud olur və onlar, xüsusilə milli səviyyədə cəmləşən təhlükəsizlik və dayanıqlılıq müzakirələrində, yəni yuxarı səviyyəli iqlim təhlükəsizliyi diskursunda çox zaman kənarda qalırlar. Beləliklə, siyasət baxımından əsas nəticə ondan ibarətdir ki, şəhərlərə yalnız zəiflik və həssaslıq məkanı kimi deyil, həm də ön cəbhə aktorları, eyni zamanda həll yollarının və innovativ ideyaların mənbəyi kimi yanaşılmalıdır. Bələdiyyə potensialının gücləndirilməsi geniş və mürəkkəb gündəmin sadə elementi deyil, əksinə, iqlim, sülh və təhlükəsizlik gündəliyinin mərkəzi sütunlarından biri olmalıdır".


Geri qayıt