Əsas Səhifə > MALİYYƏ > Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib

Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib


Bu gün, 14:23


Azərbaycan və Dünya Bankı arasında "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işləri müzakirə edilib.

Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının "Yaşanıla bilən Bakı" layihə qrupunun nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə hazırlıq mərhələsində olan "Yaşanıla bilən Bakı" layihəsi çərçivəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.

Nazir deyib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanda sosial-iqtisadi inkişafın dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, "Yaşanıla bilən Bakı" layihəsi paytaxtda ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Nazir onu da bildirib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsinini nəzərdə tutur. S.Babayev layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, "Yaşanıla bilən Bakı" layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.

Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.



Geri qayıt