Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > “ASAN xidmət” mərkəzləri bağlandı
“ASAN xidmət” mərkəzləri bağlandı14-03-2020, 17:08 |
"ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 19-dək məhdudlaşdırılır. Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 "Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti "ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəkdirlər. 15-19 mart tarixlərinə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Bundan əlavə, vətəndaşlara "Elektron hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir. Eyni zamanda vətəndaşların nəzərinə çatdırılır ki, 2020-ci il martın 20-28-i Novruz bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri olacaq. Şəffaflıq.az Geri qayıt |