Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Rumıniyanın parlamentlərarası əlaqələri müzakirə olunub
Azərbaycan və Rumıniyanın parlamentlərarası əlaqələri müzakirə olunubBu gün, 15:06 |
|
Rumıniya Senatında bu ölkədə səfərdə olan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov və Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev ilə Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Marian Neakşu başda olmaqla qrup üzvləri arasında səmimi işgüzar görüş keçirilib. Şəffaflıq.az xəbər verir ki, 2023-cü ilin fevral ayında Rumıniya parlamentinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin üzvü kimi Azərbaycana səfərini məmnuniyyətlə xatırlayan M.Neakşu xalqları və ölkələri qonaqpərvərlik və mehribanlıq kimi ortaq keyfiyyətlərin birləşdirdiyini qeyd edib. O bildirib ki, ötən illər ərzində həyata keçirilmiş dövlət başçıları, baş nazirlər, eləcə də çoxsaylı parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər verir. M.Neakşu Rumıniya parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun sədri vəzifəsinə ardıcıl olaraq parlament və hökumət rəhbərliyində təmsil olunan şəxslərin təyin edilməsini ölkəsinin Azərbaycana verdiyi önəmin göstəricisi adlandırıb. O, regionda mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq iki ölkə arasında nəqliyyat, enerji və ticari əlaqələrin inkişafının zəruriyyətindən danışıb. Milli Məclisinin sədr müavini Z.Əsgərov Rumıniya və rumın xalqına Azərbaycanda böyük rəğbət hissi bəslənildiyini bildirib, iki dövlət arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Rumıniya Senatında "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu" mövzusunda konfransın keçirilməsinə verilmiş dəstəyə, eləcə də Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsinə görə Rumıniya dövlətinə və Senat rəhbərliyinə təşəkkürünü bildirib. Parlamentlərarası dostluq qrupunun üzvü, deputat Adrian Solomon həmkarı Amet Varol ilə 2022-ci ildə Azərbaycanın azad olunmuş ərazilərinə ilk səfərindən bəhs edərək burada qısa müddət ərzində həyata keçirilməkdə olan infrastruktur layihələrinin onu mütəəssir etdiyini, o cümlədən bir neçə ay ərzində istifadəyə verilmiş Füzuli hava limanının Rumıniyadakı müvafiq sektor üçün nümunə təşkil edə biləcəyini bildiriblər. Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev parlamentlərarası münasibətlərin inkişafı, dostluq qrupları arasında beynəlxalq meydançalarda əlaqərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Görüş zamanı M.Neakşu istər parlamentlərarası əməkdaşlıq müstəvisində, istərsə də mənsub olduğu Sosial-Demokrat Partiyasının səviyyəsində Rumıniya-Azərbaycan münasibətlərinin inkişafına verdikləri tam dəstəyin bundan sonra da davam edəcəyini bəyan edib. Bundan əlavə, Rumıniyada səfərdə olan Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti 12 mayda Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib. Tədbirdə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb. Geri qayıt |