Əsas Səhifə > SİYASƏT / Cəmiyyət > Əflatun Amaşov: "Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər"

Əflatun Amaşov: "Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər"


18-01-2019, 22:48

 "Avropa Parlamentinin (AP) "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərəzin növbəti nümunəsidir. Qətnamə açıq demarş tonludur, ondan hegemonluq duyulur. Belə hal yolverilməzdir".
ŞƏFFAFLIQ.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.Ə.Amaşov bildirib ki, ümumən hansısa sənədə münasibət bildirərkən ona kompleks yanaşmaq lazımdır: "AP-nin qətnaməsi Azərbaycana baxışın kompleks ifadəsidir. Baxış isə mənfidir. Diqqət yetirək: qətnamədə Azərbaycanda LGBT ilə bağlı da narahatlıq bildirilir və hakimiyyət LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və onları qorxutmamağa çağırılır. Anlamaq olmur, Avropa Parlamenti bu sahədə narahatlığın mövcudluğunu necə müəyyənləşdirib? Görəsən, hansı hüquq müdafiəçiləri LGBT ilə işləmək istəyib, ancaq məhdudiyyətlərə məruz qalıblar? Göründüyü kimi, qeyri-ciddi yanaşma, konkretlikdən uzaq ifadə tərzi var və bu, təsadüfi deyil, məqsədlidir. Yəni öz aləmlərində Azərbaycanı hər sahədə neqativ göstərmək istəyiblər. Konkret şəxsin, bu halda jurnalistin adı ilə adlandırılmış qətnaməyə bu cür qeyri-ciddi, hətta nəzəri baxımdan heç bir əsası olmayan fikri daxil etmək çoxmu vacib idi?"
Ə.Amaşov bildirib ki, məlum qətnamədə guya Azərbaycan hakimiyyətinin ölkədəki pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltmaq üçün Avropa Şurasının bəzi üzvlərini ələ aldığı iddia olunur: "Belə bir fikrin səslənməsi Avropadakı bəzi dairələrin öz maraq və mənafeləri naminə hər yola əl ata biləcəklərinin növbəti təsdiqidir. Bu fikir nəinki qeyri-ciddidir, eyni zamanda, bütün etik prinsiplərin aşılmasıdır, bütövlükdə Avropa dəyərlərinə həqarətdir. Avropa Şurasının üzvləri nəyinsə müqabilində ələ alınan şəxslərdirsə, əslində, deyiləcək başqa söz də qalmır".
Millət vəkilinin fikrincə, jurnalistlərin hüquqi məsuliyyətə cəlb edilmələri, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaları söz və ifadə azadlığı prinsiplərinə istər-istəməz xələl gətirir: "İstər Azərbaycan olsun, istərsə də bir başqa ölkə, məsələ belədir. Çünki jurnalistika ictimai çəkiyə malik peşədir və cəmiyyət üzvləri, sadə vətəndaşlar jurnalistlərdən nümunə götürürlər. Ancaq bu da bir reallıqdır ki, jurnalistlərin hüquqazidd hərəkətləri də daha xoşagəlməz tendensiyalara yol açır. Jurnalist bilərəkdən kimisə təhqirlərə məruz qoyursa, kiməsə böhtan atırsa, kiminsə şəxsi həyatına müdaxilə edirsə, siyasi oyunlarda iştirakçıya çevrilirsə, öz üzərindən hansısa planların qurulmasına imkan yaradırsa, bundan cəmiyyət zərər çəkir. Qətnamədə adları çəkilən şəxslərə gəldikdə isə onlara qarşı irəli sürülmüş ittihamlar konkretdir. Bu ittihamların heç birini söz və ifadə azadlığı ilə bağlamaq düzgün deyil".
Mətbuat Şurasının sədri onu da bildirib ki, Avropa Parlamenti kimi nüfuzlu qurumlar ziddiyyətli mövqe tutmamalı, məsələlərə daha geniş kontekstdə yanaşmalı, müəyyən siyasi maraqlar üçün alət olmamalı, öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər: "Kənardan hər şey çox yaxşı görünür. Azərbaycana qarşı hansı siyasi oyunların oynandığı, hansı təzyiq vasitələrindən istifadə edildiyi də məlumdur. Hesab edirəm ki, bu yanaşmadan əl çəkilməli, qarşılıqlı səmimiyyətə əsaslanmış bərabər səviyyəli münasibətlər qurulmalıdır. Faydalı əməkdaşlıq məhz bu zaman mümkündür. Tanrı həbsxanada olan hər kəsin qapısını açsın, o cümlədən Mehman Hüseynovun da, qeyrilərinin də. Avropa Parlamenti də bunu səmimi şəkildə istəməlidir, elə davranmamalıdır ki, Azərbaycandakı bütün qapıların bağlı saxlanılmasında maraqlı olduğuna dair təəssürat formalaşsın".

ŞƏFFAFLIQ.Az
Geri qayıt