Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov İslam dövlətlərində Ravvinlər Alyansının sədri ilə görüşüb

Ramin Məmmədov İslam dövlətlərində Ravvinlər Alyansının sədri ilə görüşüb


Bu gün, 16:25


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İslam dövlətlərində Ravvinlər Alyansının sədri, Türkiyə Aşkenaz yəhudilərinin baş ravvini Mendy Chitrik ilə görüşüb.

Bu barədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Azərbaycanda tarixən formalaşmış dinlərarası harmoniyanın, dini-etnik müxtəlifliyin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Ölkədə müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin cəmiyyətin mənəvi həyatında mühüm rol oynadığı qeyd edilib.

Ramin Məmmədov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycanda birgəyaşayış ənənəsinin daha da möhkəmləndiyini bildirib. O, yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlərboyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş ravvin Mendy Chitrik Azərbaycanda dini tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən siyasəti yüksək qiymətləndirərək fərqli dini icmalara göstərilən diqqət və qayğının nümunəvi xarakter daşıdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İslam dövlətlərində Ravvinlər Alyansı müsəlman çoxluğunun yaşadığı ölkələrdəki yəhudi icmalarına xidmət edən ravvinləri bir araya gətirən beynəlxalq dini platformadır. Təşkilatın əsas məqsədi dinlərarası dialoqu təşviq etmək, tolerantlıq və birgəyaşayış dəyərlərini gücləndirməkdir. Qurumun üzvləri sırasında Azərbaycan, Türkiyə, Mərakeş, BƏƏ, Tunis, Qazaxıstan və digər müsəlman ölkələrində fəaliyyət göstərən ravvinlər yer alır.

Şəffaflıq.az


Geri qayıt