Əsas Səhifə > SİYASƏT > Almaniya səfiri Sumqayıtda əməkdaşlıq imkanlarını müzakirə edib

Almaniya səfiri Sumqayıtda əməkdaşlıq imkanlarını müzakirə edib


Dünən, 17:22


Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Sumqayıt şəhəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Şəffaflıq.az-ın məlumatına görə, səfirin Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşündə Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlıq dəyərləndirilib, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Görüş zamanı qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, dinamik inkişaf edən şəhərlər sırasında mühüm yer tutur.

Qeyd olunub ki, Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə qurulmuş qardaşlaşma münasibətləri bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, bu əlaqələr yalnız şəhərlərarası əməkdaşlıqla məhdudlaşmayaraq, iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də töhfə verir.

R.Horlemann Sumqayıta səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın, eləcə də Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin vacibliyini vurğulayıb.


Geri qayıt