Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Moldova parlamenti energetika sahəsində fövqəladə vəziyyət rejimini ləğv edib

Moldova parlamenti energetika sahəsində fövqəladə vəziyyət rejimini ləğv edib


Bu gün, 16:11


Moldova parlamenti Rusiyanın Ukrayna ərazisinə hücumlarının fəsadları fonunda martın 25-də tətbiq edilmiş energetika sahəsində fövqəladə vəziyyət rejiminin ləğv edilməsinə səs verib.

Bu barədə Şəffaflıq.az "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qərarı 101 deputatdan 69-u dəstəkləyib.

Ölkənin Baş naziri Aleksandru Muntyanu bildirib ki, fövqəladə vəziyyətin tətbiq edilməsi kritik məqamda zəruri addım idi.

"Fövqəladə vəziyyətin elan edilməsi kapriz deyildi. Bu, həlledici, kritik məqamda qəbul edilmiş diqqətlə düşünülmüş bir qərar idi", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, o zaman Moldova enerji sisteminin həddindən artıq yüklənməsi və yanacaq bazarında fasilələr yaranması riskləri ilə üzləşmişdi. Həyata keçirilən tədbirlər sayəsində hökumət yanacaq qıtlığının qarşısını almağa və vəziyyəti sabitləşdirməyə nail olub.

Moldova hakimiyyətinin məlumatına görə, fövqəladə vəziyyət rejimi martın 25-də tətbiq edilmişdi, belə ki, hücumlar nəticəsində elektrik enerjisinin Rumıniyadan təxminən 40 km uzunluğundakı Ukrayna ərazisindən keçməklə Moldovaya daxil olduğu İsakça-Vulkaneşt elektrik verilişi xətti sıradan çıxarılmışdı. Bu xətt ölkənin elektrik enerjisinə olan tələbatının 70 %-dək hissəsini təmin edir.


Geri qayıt