Əsas Səhifə > XARİCİ XƏBƏR > Pərviz Şahbazov: "Atom enerjisi Azərbaycanın enerji balansının bir hissəsi olacaq"

Pərviz Şahbazov: "Atom enerjisi Azərbaycanın enerji balansının bir hissəsi olacaq"


Bu gün, 15:11


Atom enerjisi Azərbaycanın enerji balansının komponentlərindən biri olacaq.

"Report"un Antalyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Biz yeni modelə keçid edirik və enerji təhlükəsizliyini yalnız karbohidrogenlər hesabına deyil, həm də bərpa olunan mənbələr də daxil olmaqla elektrik enerjisi hesabına təmin edəcəyik. Bundan başqa, biz enerji balansımıza nüvə enerjisini də daxil etmək qərarına gəlmişik, çünki təmiz enerji mənbəyi və elektrik enerjisinə tələbatın artması fonunda onu gələcək enerji balansının mühüm komponenti hesab edirik", - Şahbazov qeyd edib.

Nazir əlavə edib ki, elektrik enerjisinə tələbatın ümumi istehlakdan üç dəfə sürətli artacağı gözlənilir.

"Buna görə də, fikrimizcə, məqsədəuyğun enerji keçidi təbii qaz, bərpa olunan mənbələr və atom enerhisinin vəhdətini nəzərdə tutur. Düşünürük ki, məhz bu, gələcək qlobal enerji təchizatının əsasını təşkil edəcək", - o vurğulayıb.

P.Şahbazovun sözlərinə görə, ölkənin neft və qaz istehsalçısı statusuna malik olmasına baxmayaraq, Azərbaycan bərpa olunan enerjinin inkişafına ciddi şəkildə başlayıb.

"Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın enerji siyasətinin mühüm istiqamətidir, çünki biz bütün enerji növlərinə ehtiyac olduğunu görürük. Yaxın illərdə bərpa olunan olunan enerji mənbələrinin gücünü 8 QVt-a çatdırmağı planlaşdırırıq. Bunun təxminən 2 QVt-ı artıq 2027-ci ilə qədər daxili enerji sistemimizə inteqrasiya olunacaq. Qalan güclər sonrakı illərdə inkişaf etdiriləcək və ixrac olunacaq", - o qeyd edib.

Nazir həmçinin sistemlərarası əlaqələrin inkişafı və enerji əlaqələrinin gücləndirilməsi planları barədə məlumat verib.

"Heç kim neftdən və ya onun idxalından imtina etmir. Gələcəkdə bütün enerji mənbələrindən istifadə olunacaq. Lakin əsas komponentlər, fikrimizcə, təbii qaz, bərpa olunan mənbələr və atom enerjisi olacaq. Biz Azərbaycanda belə bir enerji balansını formalaşdırmağı planlaşdırırıq və enerji əlaqələrini inkişaf etdirməyə davam edəcəyik", - Şahbazov bəyan edib.


Geri qayıt