Əsas Səhifə > SİYASƏT > "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib
"Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minibDünən, 16:43 |
|
"Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Qanunda ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir. Həmçinin yeni qanunda zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir. Sənəddə "erkən evlilik" ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Həmçinin yeni qanunda hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni sənədə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur. Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir. Geri qayıt |